3 İyul 2018 16:09
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, görüşdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, Beynəlxalq Federasiyanın Avropa Regionu üzrə direktoru Simon Missiri, İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yaninda daimi nümayəndəsi Vaqif Sadıqov, FHN-in, Beynəlxalq Federasiyanın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri iştirak ediblər.

Fövqəladə hallar nazirinin müavini F. Tağızadə görüşdə FHN-in fəaliyyətindən danışıb, görülmüş işlər, gələcək planlar barədə məlumat verib. F. Tağızadə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yardımlarını minnətdarlıqla qeyd edib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə məsul olan bir qurumla təmsil etdiyi beynəlxaq təşkilat arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən söz açıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti N. Aslanov Azərbaycanda təbii fəlakətlərin aradan qaldırılması sahəsində FHN-lə rəhbərlik etdiyi qurum arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu nəzərə çatdırıb.

Görüşdə Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə FHN arasında gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb. Eyni zamanda fəlakətlər zamanı qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərə psixoloji dəstək göstərilməsi və humanitar yardım sahəsində birgə əməkdaşlığa dair məsələlərə də toxunulub. Həmçinin gələcəkdə birgə təlimlərin keçirilməsinin, müştərək maarifləndirici proqramların reallaşdırılmasının vacibliyi də vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər