Cənab Prezidentin keçirdiyi müşavirəyə diqqətlə baxdım. Dövlət başçısının baş vermiş hadisəyə dair məsələni qoyması, ona yanaşması, mövqeyi və apardığı dərin təhlil tamamilə düzgün idi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.
O qeyd edib ki, hər şeydən əvvəl, hadisə olan kimi Prezident İlham Əliyevin yaranmış şəraiti bilavasitə öz nəzarətinə götürməsi və komissiya yaratması fövqəladə hallar zamanı dövlət idarəçiliyinin çevikliyini və funksionallığını bir daha təsdiq etdi:
“Tarixdən məlumdur ki, bəzən xoşagəlməz hadisələr özlərinin ardınca daha yaxşı işlərin görülməsini zəruri edir. Ona görə də hesab edirəm ki, bu müşavirədən sonra qəbul ediləcək qərarlar ölkəmizin enerji təhlükəsizliyinin daha etibarlı və alternativ vasitələrlə təmin olunmasında yeni bir səhifə açacaq. Bu səhifəni də cənab Prezident yazacaq”.
Millət vəkilinin fikrincə, ölkəmizin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Lənkəran, Quba və digər iri şəhər və sənaye mərkəzlərinin, o cümlədən, strateji əhəmiyyət daşıyan obyektlərin alternativ mənbələrdən elektrik enerjisi ilə təmin edilməsi zərurətə çevriləcək:
“Xüsusən, təkcə su elektrik stansiyaları deyil, dünyada geniş istfadə edilən külək, günəş enerjisi ilə təminat məsələlərinin həllinin önə çıxacağını düşünürəm. Digər tərəfdən, bu hadisəyə görə məsuliyyət daşıyanların ciddi cəzalandırılması da vacibdir ki, strateji sahələrə məsul olan digər şəxslərə də dərs olsun”.
Qeyd edək ki, iyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Prezident iyulun 3-də ölkənin enerji sistemində yaranmış qəza ilə bağlı məsələlərə dair öz mövqeyini açıqlayıb, çox ciddi araşdırmalar aparılmalı, günahkarların məsuliyyətə cəlb edilməli olduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək.