“İstək” liseyləri tez-tez reklam olunur, özünü gözə soxurdu, ancaq bu təhsil müəssisələri Azərbaycanda o qədər də tanınmırlar.
Bunu Teleqraf.com-a açıqlamasında fəlsəfə elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru Qabil Hüseynli deyib.
O qeyd edib ki, bu liseylərin Azərbaycan təhsilinə hansı töhfələr verdiyi barədə məlumata malik deyil:
“Yəni, bu liseylərin fəaliyyəti qısa müddətdə meydana gəlmiş bir fəaliyyətdir. Bəzi iddialara görə, bu liseylər fəaliyyətini dayandırmış “Çağ Öyrətim” İşlətmələri Şirkətinin tərəfdarlarına, başqa sözlə, Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərən Fətullah Gülənin yaxın adamlarına məxsusdur. Onların adlarını dəyişərək bu adla özlərini təqdim etdiklərinə dair də iddialar var. Bu səbəbdən “İstək” liseylərinin köhnə FETÖ-çuların məskəninə çevrilə biləcəyi kimi bir iddia mövcuddur. Zənnimcə, bu səbəbdən Təhsil Nazirliyi, bütövlükdə Azərbaycanın əsas bilgili orqanları bu məsələyə diqqətlə yanaşmalı, onların fəaliyyətini araşdırmalı və səriştəli bir rəy verməlidirlər”.
Q.Hüseynli əlavə edib ki, Azərbaycan təhsilinə kənar əllər uzanmamalıdır:
“Azərbaycan təhsilinə qeyri-dünyəvi elementlərin soxulmasına imkan yaradılmamalıdır. Çalışılmalıdır ki, Azərbaycan təhsili milli ideologiyamıza – azərbaycançılığa, Heydər Əliyevin müəyyən etdiyi ideoloji xəttə xidmət etsin”.
Professor bu liseylərin hər hansı nailiyyətlərinin şahidi olmadığını da vurğulayıb:
“Yalnız reklamlarda bu liseyləri tərifləyən, göylərə qaldıran süjetlərə rast gəlirdim. Bu səbəbdən də “İstək” liseylərinin Azərbaycan təhsil sistemi qarşısında hər hansı tarixi xidmətlərinin olması barədə heç bir məlumatım yoxdur. Yəni, bu, hiss edilmir. Azərbaycan cəmiyyətində bu liseylərin populyarlığı, yaxud sevilən təhsil müəssisələri olması barədə məlumat yoxdur”.