ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunub.
Teleqraf.com xəbər verir ki, müzakirələr zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili dövlətlərin əsas diqqətini informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqda kütləvi informasiyanın toplanmasına yönəltməsinin vacibliyini qeyd edib. Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olmasını, texnologiyaların inkişaf sürətinin yüksəlməsini və ondan sui-istifadə hallarının da artmasını önə çəkərək, ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini bildirib.
T.Mirkişili mövzunun həyati əhəmiyyət daşıdığını nəzərə alaraq, ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitənin yaradılmasının vacibliyini qeyd edərək, bu ideyaya dəstək verəcəyini də bəyan edib.