28 Aprel 2014 11:01
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunun Arazbarı kəndində əsasən qadınlardan ibarət 50-ə yaxın sakin yolu kəsərək etiraz aksiyasına çıxıblar.

Bu barədə “Axar.az”a rayondakı mənbədən məlumat verilib. Mənbənin məlumatına görə, sakinlər maşın təkərlərinə od vuraraq yola atıblar, nəqliyyatın hərəkətini dayandırıblar. Kənd sakinlərinin əsas tələbi İmişli-Biləsuvar, habelə Arazbarı kəndinin yolunun təmir edilməsidir. Sakinlər Nəqliyyat naziri Ziya Məmmədov və “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanovun hadisə yerinə gəlməsini tələb ediblər:
“Bu kəndin sakinləri Nəqliyyat Nazirliyinə, habelə “Azəryolservis”ə dəfələrlə yollarının düzəldilməsi barədə müraciət ediblər. Amma onların şikayətinə baxılmayıb. Sonuncu dəfə “Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev sakinlərə deyib ki, “Cavid müəllimin vaxtı yoxdur, nə vaxt imkan olsa, onda da baxarıq”. Sakinlər də bu sözdən sonra ümidlərini hər yerdən üzüblər və aksiyaya əl atıblar”, - deyə mənbə bildirir.

Hadisə yerinə gələn polislərin normal davranışı sakinlərin ürəyincə olub. Polis sakinlərin tələblərinin yüksək instansiyalara çatdırılması vədini verib və yolun açılmasını xahiş edib. Aksiya keçirənlər razılaşıblar və yolda hərəkət bərpa olunub.


Müəllif: