10 İyul 2018 14:05
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyində aparılan struktur islahatları çərçivəsində vergi yoxlamaları sahəsində də bir sıra yeniliklər həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vergi yoxlamalarının unifikasiyası və yoxlamaların keyfiyyət göstəricilərinin artırılması məqsədilə nazirliyin aparatında Vergi auditi departamenti yaradılıb. Departament nazirliyin digər strukturlarının vəzifələrinə aid edilmiş yoxlayıcı funksiyaları cəmləyəcək, sahibkarlıq subyektlərində aparılan vergi nəzarəti tədbirlərinin koordinasiyasını həyata keçirəcək.

Qeyd edilməlidir ki, son dəyişikliklərə qədər səyyar vergi yoxlamalarına və operativ nəzarət tədbirlərinə ayrı-ayrı strukturlar tərəfindən nəzarət olunurdu. Nəticədə bəzən bir vergi ödəyicisində eyni anda həm səyyar vergi yoxlaması, həm də operativ nəzarət tədbirlərinin təyin olunması hallarına rast gəlinirdi ki, bu da vergi ödəyicilərinin haqlı narazılığına səbəb olurdu. Yeni yaradılmış departamentdə isə yoxlamalar və nəzarət tədbirləri vahid mərkəzdən idarə olunacaq, səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri koordinasiyalı formada həyata keçiriləcək. Departamentin tərkibində Səyyar vergi yoxlamalarına nəzarət, Operativ vergi nəzarəti və Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbələri yaradılıb.

Vergi auditi departamentinin baş direktorunun müavini Fateh Mustafayevin sözlərinə görə, Departamentin əsas vəzifəsi vergidən yayınan şəxslərin aşkar edilməsi və onlarda nəzarət tədbirlərinin keçirilməsi olacaq. Bu məqsədlə təhlil şöbəsi tərəfindən rəqəmsal texnologiyalara əsaslanaraq təkmil risk qiymətləndirilməsi həyata keçiriləcək, vergi ödəyiciləri risk qruplarına bölünəcək. Risk qruplarına düşməyən, yəni vergi öhdəliyini vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirən vergi ödəyiciləri rahat şəkildə fəaliyyət göstərəcək. Riskli vergi ödəyiciləri, yəni dövriyyəsini azaldan, vergidən yayınan şəxslər isə qanun çərçivəsində Vergilər Nazirliyinin nəzarət tədbirləri ilə qarşılaşacaqlar. Riskin səviyyəsindən asılı olaraq, vergi ödəyicisində nəzarət tədbirin forması - səyyar vergi yoxlaması və ya operativ nəzarət tədbirləri həyata keçiriləcək.

Operativ nəzarət tədbirləri də risk meyarları əsasında həyata keçiriləcək. Vergi Məcəlləsi vergi ödəyicilərinin vəzifələrini dəqiq göstərir. Məsələn, bütün vergi ödəyiciləri bilməlidirlər ki, qanuna görə alıcıya ödənişi təsdiq edən kassa çeki və ya qəbz təqdim edilməli, işçilərlə əmək müqaviləsi bağlamalı, malların alışını müvafiq sənədlərlə həyata keçirilməlidir. Paytaxtın və bölgələrin bir çox ticarət və ictimai-iaşə obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən kassa aparatlarından istifadə edilməməsi, nəticə etibarilə ümumi dövriyyənin gizlədilməsi hallarına rast gəlinir. Adi müşahidələr göstərir ki, hər 5 alıcıdan 3-ü də çek tələb etmir. Kassa çekinin verilməməsi nəticəsində həm istehlakçıların hüquqları pozulur, həm də vergidən yayınma halları baş verir. Bu baxımdan, qanunun bu tələbini pozan şəxslər barədə müvafiq tədbirlər görüləcək.

Vergilər Nazirliyi bu məsələdə ictimai nəzarətin olmasını da çox önəmli hesab edir. Vətəndaşlar ödədikləri pulun müqabilində NKA-çeklərini tələb etsələr, gələcəkdə hər hansı bir neqativ halla rastlaşdıqda öz hüququnu qoruya bilər və eyni zamanda, dövlət büdcəsinə vergilərin ödənilməsinin təmin edilməsinə öz töhfələrini verə bilərlər.

Bununla yanaşı, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışının qarşısının alınması, əmək müqavilələrinin rəsmiləşdirilməməsi, lisenziyasız fəaliyyət hallarının aradan qaldırılması, malların alış sənədlərinin olması üzrə də nəzarət tədbirləri keçiriləcəkdir.

Vergilər Nazirliyinin əsas məqsədi vergilərin yığılmasından vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi, vergi mədəniyyətinin daha da yüksəldilməsidir. 2018-ci il vergi inzibatçılığında keçid ilidir. Vergilər Nazirliyi vergi ödəyicilərində mühasibat uçotunun düzgün aparılmasının bərpası və vergi ödəmə mədəniyyətinin təmin edilməsi sahəsində ciddi addımların atılacağını gözləyir. Sahibkarlıq subyektlərində uçot və hesabatlılığın qaydaya salınması yeganə yoldur. Kiçik və ya böyüklüyündən asılı olmayaraq, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə əməl etməli, ikili mühasibatlığın aparılması, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, vergidən yayınma halları aradan qaldırılmalıdır.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayında yoxlamaların sayı 55 faizədək azalıb. Bununla belə, vergidən yayınma hədəfinin düzgün müəyyən edilərək, keyfiyyətinin və effektivliyin artırılması əsas məqsədlərdən biridir. Bu sahədə səyyar vergi yoxlamalarının keçirilmə müddətlərinin tezləşdirilməsi, elektron auditin əhatə dairəsini genişləndirilməsi, yoxlamaların effektivliyinin artırılması, şəffaflığın və bərabər rəqabət şərtlərinin təmin edilməsi, korrupsiya əlamətlərinin sıfıra endirilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Yoxlamaların keyfiyyətinin artırılması məqsədilə vergi orqanı əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün də tədbirlər görüləcək. Bu məqsədlə həm vergi orqanlarında işləyən daha təcrübəli və savadlı əməkdaşlar, həm də kənar ekspertlər cəlb edilməklə gənc əməkdaşların yetişdirilməsi prosesi həyata keçiriləcək.

Korrupsiya əlamətlərinin minimallaşdırılması məsələsinə gəlincə, burada nazirlik tərəfindən görülən işlərlə yanaşı, vergi ödəyicilərinin özləri də hər hansı neqativ halla rastlaşdıqda 195-1 Çağrı Mərkəzi və mövcud kommunikasiya vasitələrindən istifadə etməklə Vergilər Nazirliyinə məlumat verə bilərlər. Bu müraciətlər ciddi araşdırılacaq və nəticəsindən asılı olaraq tədbirlər görüləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər