Rəcəb Tayyib Ərdoğanın demokratik şəraitdə keçirilmiş prezident seçkilərində qalib gəlməsi və yeni idarəetmə sisteminin ilk başçısı olması, onun Türkiyə cəmiyyəti daxilində və beynəlxalq səviyyədə mövqelərini gücləndirəcək.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Politoloq bildirib ki, Ərdoğan bundan sonra regional və qlobal problemlərin həllində aktiv iştirakçı olacaq:
“Bu, təkcə Türkiyənin yox, həm də müsəlman və türk dünyasının nailiyyəti kimi qiymətləndirilməlidir. Ermənistan – Azərbaycan münaqişəsinin həllinə də bu prizmadan yanaşılmalıdır. Hesab edirəm ki, Ərdoğan bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə öz ağırlığını qoya biləcək. Türkiyə prezidenti seçkiqabağı kampaniya dönəmində də Dağlıq Qarabağ məsələsinin prioritetlərdən biri olduğunu diqqətə çatdırmışdı. Bu, çox önəmli məsələdir.
Bu onu göstərir ki, Türkiyənin xarici siyasətində prioritet məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hesab edirəm ki, Ərdoğan öz güclü mövqeyi ilə bu münaqişəni idarə edən Rusiyaya da təsir edə biləcək”.
Natiq Miri hesab edir ki, Ərdoğanın yeni hakimiyyət dönəmində Qarabağ məsələsinin həlli istiqamətində ciddi addımlar atılacaq: “Rusiya – Türkiyə yaxınlaşması, Rusiya və Azərbaycan arasında strateji əlaqələrin güclənməsi də göstərir ki, yaxın vaxtlarda Qarabağ məsələnin həlli ilə əlaqədar ciddi dönüş nöqtəsi yaranacaq. Bu addımların atılmasında da Ərdoğanın böyük ağırlığı olacaq”.