Dünən axşam Gəncənin mərkəzi meydanında baş verənlər dövlətçiliyimizə və sabitliyimizə qarşı yönəlmiş bir provokasiyadır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin komitə sədrini müavini Aydən Mirzəzadə bildirib.
O qeyd edib ki, qeyri-qanuni aksiyanın nə insan hüquqlarının müdafiəsi, nə də dinlə heç bir əlaqəsi yoxdur:
“İki nəfər yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi bunun düşünülmüş bir addım olmasına dəlalət edir. Bir müddət əvvəl Gəncənin icra hakimiyyəti başçısına, indi isə polis rəsmilərinə qarşı törədilən hadisələr Azərbaycanda çaşqınlıq və gərginlik yaratmaqistəyindən xəbər verir.
Görünür xaricdə müəyyən anti-Azərbaycan dairələrə Azərbaycanın inkişafı, müstəqil siyasəti sərf etmir. Onlar ölkə daxilində maraqlarını müdafiə edən qüvvələr də yarada bilməyiblər. Ona görə də terrora, qeyri-qanuni hərəkətlərə üstünlük verməyə, səbatsız insanların əli ilə qarşıqlıq yaratmağa cəhd edirlər”.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan cəmiyyəti öz dövlətinin müdafiəsindədir, o heç zaman qara qüvvələrin arxasınca getməyəcək:
“Hadisələr onu göstərir ki, dövlətimiz, sabitliyimizi, inkişafımız hər an qorumalıyıq və biz buna qadirik”.