2016-cı il iyulun 15-də Türkiyə ən çətin və ağır günlərini yaşadı. FETÖ-çü xainlər hərbi geyimdə dövlət çevrilişinə cəhd göstərdi. Dövlətin varlığına qarşı təhdidin qarşısı xalqın dövlətlə əl-ələ verməsi nəticəsində alındı.
Teleqraf.com xəbər verir ki, bunuTürkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə Türkiyə xalqı terror təşkilatının layiqli cavabını verdi: "Millətimiz prezidentin çağırışı ilə bu xain terrorçulara qarşı mübarizə aparmaq üçün küçələrə tökülüşdü. Həmin gün qəhrəmanlıq günü idi. Vətəndaşlarımız qanları bahasına dövlətimizi qorudu. 250 şəhidimizi cənnətə göndərdik. Yaşanan bu hadisə böyük dərs oldu. Bu hadisələrin bir daha yaşanmaması üçün tədbirlər barədə düşünürük. FETÖ xain terror təşkilatı dövlətin içərisinə 40 il ərzində yeridilmişdi. Dövlətin müxtəlif qurumlarında, xüsusilə güc mərkəzlərində təşkilatın adamları yerləşdirilmişdi. Dövləti ələ keçirmək üçün cəhd göstərənlər cəzasız qala bilməzdi. FETÖ ilə mübarizədə Türkiyəyə verdiyi dəstəyə görə başqa Prezident İlham Əliyev olmaqla Azərbaycana təşəkkür edirik. Azərbaycan FETÖ ilə mübarizədə bizə dəstək olan ölkələrin önündə gəlir. Bunu üç gün əvvəl Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi. FETÖ-nün Türkiyədə beli qırılıb".
Diplomat qeyd edib ki, Türkiyədə istintaq tədbirləri Davam etdirilir: " 289 cinayət işi başlanıb ki, onun 188-i üzrə qərar verilib. Nəticədə 661 nəfər ağır cəzaya məhkum olunub".
FETÖ-çuların ekstradisiyasına toxunan səfir bildirib ki, Amerikadan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı rəsmi tələb var: "Bu məsələ ilə bağlı danışıqlar davam edir. ABŞ-dan nümayəndə heyəti Türkiyəyə gələcək və keçirilən görüşlərdə məsələ ətrafında müzakirələr davam etdiriləcək. Ümid edirəm ki, ən yaxın zamanda bu məsələ ilə bağlı müsbət nəticə əldə olunacaq".