ABŞ Prezidenti Donald Tramp və Rusiya başçısı Vladimir Putin arasında keçirilmiş görüşdə Suriya ilə bağlı gözləntilər vardı. Lakin bu, özünü doğrultmadı.
Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan belə deyib.
Politoloq qeyd edib ki, görüşdə Suriya böhranının həllinə təkan verəcək məsələlər müzakirə edilmədi:
“Tərəflər Bəşər Əsədə olan münasibətlərini açıqlamadılar. Həmçinin, gözləntinin əksinə olaraq, Suriyanın ərazi bütövlüyü məsələsinə toxunulmadı. Suriyanın gələcəyi, nəzərdə tutulmuş koalisiya hökumətinin tərkibi, terror qruplaşmaları ilə mübarizə və İranın Suriyadakı varlığı ilə bağlı da mesaj verilmədi. Başqa sözlə, Tramp və Putinin birgə mətbuat konfransında Suriyanın gələcəyi ilə bağlı ciddi açıqlama verilmədi.
Tramp yalnız İŞİD-ə qarşı mübarizəyə Rusiyanın yardım etdiyini, eyni zamanda, vəziyyətin qarışıq olduğunu dedi və qeyd etdi ki, hər iki ölkə qaçqınların Suriyaya qaytarılması üçün əməkdaşlıq edə bilər. Bunlar isə sadəcə ehtimallardır, amma konkret fikir söylənilmədi. Bu onu deməyə əsas verir ki, Suriyadakı mövcud vəziyyət hələ bir müddət də bu formada qalacaq”.
Sədrəddin Soltanın sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdə qalması İran və Rusiya ilə yanaşı, ABŞ-a da sərf edir:
“Rusiya və İran iddia edir ki, onları Suriyaya Bəşər Əsəd çağırıb. İran və Rusiyanın Suriyada olması isə ABŞ-a ona görə sərf edir ki, bundan istifadə edərək İŞİD-in Suriyada qalan qüvvələrinə qarşı mübarizəni davam etdirib Bəşər Əsədə qarşı olan qüvvələrlə əməkdaşlıq edir və onları müdafiə edə bilir. Buna görə də, ABŞ və Rusiya liderləri Suriya ilə bağlı ciddi açıqlama vermədilər.
Ən əsası da budur ki, prezidentlərin görüşü ilə əlaqədar ortaq bəyanat, yaxud sənəd yoxdur”.