18 İyul 2018 00:39
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, Ermənistan Azərbaycanla aparılan Dağlıq Qarabağ danışıqlarında yumşalacaq. Yəni, reallığı əks etdirən proses başlayacaq.

Son günlərdə cəbhə xəttində baş verən gərginlik barədə Teleqraf.com-a danışan hərbi ekspert Ramil Məmmədli belə deyib.

Ekspert Nikol Paşinyanın gözləntiləri doğrultmadığını bildirib:

“Gözləntilər əks effekt verdi. Hətta, Nikol Paşinyan gərginliyi bir qədər də artırmağa xidmət edən addımlar atmağa başlayıb. O, Daxili Qoşunların Azərbaycanın işğal edilmiş ərazilərinə dislokasiya edilməsi ilə bağlı təklif irəli sürüb. Yəqin ki, bu addım atılacaq. Bununla da, Ermənistan Dağlıq Qarabağı işğal etdiyini və orada polis rejimi yaratmağa çalışdığını nümayiş etdirəcək.

Əlbəttə, Azərbaycan baş verənləri müşahidəçi kimi izləməyəcək, adekvat addımlar atacaq. Heç bir halda ön xətdə üstünlüyü işğalçıya vermək olmaz. Azərbaycan Ermənistanın təxribat və kəşfiyyat bölmələrinin hərəkət imkanlarını məhdudlaşdırmaq məcburiyyətində qalıb. Artıq bir neçə dəfə erməni təxribatçıların addımlarının qarşısı alınıb.

Ramil Məmmədli Ermənistan baş nazirinin orduya döyüş əmri verməsi məsələsinə də toxunub:
“Hesab edirəm ki, onun bu addımı daxili auditoriyaya verilmiş mesajdır. O, yerli cəmiyyəti başa salmağa çalışır ki, Dağlıq Qarabağ münaqişəsi hələ bir müddət də, həlsiz qalacaq.

Eyni zamanda bu məsələdə Azərbaycan tərəfini günahkar kimi göstərməyə çalışır. Guya ki, Azərbaycan cəbhə xəttindəki hərbi qüvvələrinin sayını artırır və Ermənistan da buna qarşı adekvat addım atır. Əslində Paşinyanın bu addımları Azərbaycanın beynəlxalq imicinə zərbə altında qoymağa hesablanıb.

Hesab edirəm ki, Azərbaycan və Ermənistan dövlət başçılarının nəzərdə tutulmuş görüşündən sonra məsələ ətrafında ciddi dönüş nöqtəsi yaranmasa, münaqişə döyüş meydanında həll olunacaq. Bu baxımdan o ehtimal da istisna deyil ki, Paşinyan bunu nəzərə alaraq cəmiyyəti müharibəyə hazırlaşdırır”.


Müəllif: Mənsur Rəğbətoğlu