18 İyul 2018 13:56
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu səfər İtaliya Prezidentinin Azərbaycana ilk səfəridir. Bu səfər tarixi bir səfərdir. İlk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Mənim dəvətimi qəbul etdiyiniz üçün Sizə minnətdaram. Əminəm ki, səfər çox uğurlu keçəcək və İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür”.

Bunu Prezident İlham Əliyev Bakıda İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə birgə mətbuata bəyanatında deyib.

“İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaqdır. Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”, - Prezident İlham Əliyev vurğulayıb.


Müəllif: Mənbə/Report