Dövlət Sərhəd Xidmətinin sərhəd pozucuları ilə atışmada yaralanan baş çavuş təltif olunub.
Teleqraf.com xəbər verir ki, iyunun 21-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları alıb.
Təcili əməliyyat olunaraq onun həyatı xilas edilib.
Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilib.
Hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır.
Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.
2018-ci ilin iyul ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəisi generalpolkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.
Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.