“Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər”.
Bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda deyib.
“Son illərdə italyan müəssisələri tərəfindən həyata keçirilən layihələrdən də göründüyü kimi, İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. Dünən Prezident İlham Əliyevlə birlikdə Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polimer”in layihəsi əsasında həyata keçirilib. Bu zavod Azərbaycana neft-kimya sənayesini inkişaf etdirməyə və öz ixrac potensialını artırmağa imkan yaradacaq. Bu, Azərbaycan hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin açılması kimi prioritet hesab etdiyi məsələlər üzrə çox vacib bir məqsəddir. İtaliyanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır. Prezident İlham Əliyevlə dünənki rəsmi danışıqlardan sonra imzalanan bəzi sənədlər məhz bu sahəyə yönəlib. Milan Politexnik Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında akademik əlaqələr çərçivəsində Bakıda İtaliya-Azərbaycan dizayn mərkəzinin yaradılması digər sahələrdə də olmasını arzuladığımız ikitərəfli əməkdaşlıq modelidir. Biz istərdik ki, bu modeldən digər əməkdaşlıq çərçivəsində də istifadə olunsun.
Bu forumda italyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssislərə də diqqət ayıraraq əlaqələrimizi daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığımızın inkişafına nə qədər önəm verdiyimizin ən bariz sübutudur. Mən bir daha kiçik və orta tipli müəssisələrin fəaliyyətini, onların Azərbaycana cəlb olunmasını xüsusi vurğulamaq istərdim. Ümid edirəm ki, dünən gün ərzində təşkil edilən görüşlər bu məqsədə müəyyən forma və dəqiqlik verə bildi. Çünki iqtisadiyyatlarımız arasında artan qarşılıqlı münasibətlər ikitərəfli iqtisadi əlaqələrin proqressiv balanslaşdırılması ilə bərabər şəkildə inkişaf etməlidir. 2017-ci ildə İtaliya ikitərəfli mübadilə və böyük miqdarda karbohidrogen idxalı vasitəsilə Azərbaycana əhəmiyyətli töhfə verib. Azərbaycan bizim neft üzrə birinci təchizatçımızdır. Biz bu ölkənin mütləq şəkildə ilk ticarət tərəfdaşı olmaqdan qürur duyuruq. Bütün bunlar hörmətə layiq nəticələrdir və xüsusilə də bu ölkədə çox qiymətləndirilən italyan ixracı sahəsində geniş inkişafı əks etdirir və bu, onların imkanlarını bir daha bu ölkəyə gətirməyə kömək edir. Burada İtaliyanın enerji ehtiyatlarının idxal tələbatı fonunda bir çox struktur aspektlərdən tarazlıq pozulur və hazırda iqtisadiyyatın inkişafının bərpa dövründə Azərbaycan inkişaf proqramları və iqtisadiyyatın şaxələndirilməsində İtaliyanın tərəfdaşlığına güvənə bilər. Dünənki görüşlərdə bu arzuya müəyyən bir forma verilərək konkret olaraq səmərəli sahələr müzakirə edildi. Enerji, ətraf mühitin qorunması sahələrində yenidən dəyərləndirmə ilə bağlı layihələrə maraq göstərildi. Paris sazişləri ilə vurğulanan çoxtərəfli çərçivədə daha təmiz enerjilərə keçidi asanlaşdıraraq birlikdə Planetimiz üçün daha çox şey edə bilərik və etməliyik. Azərbaycan kimi xammalla zəngin olan ölkə üçün bu, sənaye dinamizmi və texnoloji innovasiyalar amili kimi qəbul edilməlidir. Bilirəm ki, Azərbaycan hökuməti iqtisadiyyatının şaxələndirilməsi və ölkənin müxtəlif regionlarının inkişafı üçün prioritet sahə olan kənd təsərrüfatına çox böyük önəm verir. Bu, mənim fikrimcə, uzaqgörən bir seçimdir və İtaliya bu sahədə olan təcrübəsini və imkanlarını təklif edərək bunu dəstəkləməyə hazırdır”, - İtaliyanın dövlət başçısı vurğulayıb.
“Azərbaycanın mövqeyi strateji baxımdan çox önəmlidir. Belə ki, ölkəniz bundan uzunmüddətli şəkildə istifadə etməlidir. Məhz dünən bizim Dövlət Dəmir Yolları ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında mövcud olan marşrutların istifadəsi, dəmir yolu vasitələrinin, vaqonlarının tikintisi, yeni marşrutların inkişaf etdirilməsi üçün əməkdaşlıq memorandumu imzalandı. Bizim müəssisələr liman və infrastrukturlar üçün informasiya sahəsində uğurla fəaliyyət göstərir. Azərbaycan da Xəzər dənizi regionunda nəqliyyat idarəetməsinin mərkəzini təşkil edir. Bu təşəbbüslərlə italyan mühəndisliyini, avtomobil yollarını, limanlarını, ümumilikdə infrastruktur sahəsini əks etdirən geniş bir işin əsasını qoyduq”.
“Cənab Prezident, bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşma ilə baxmalıyıq. Bizim müştərək iqtisadi maraqlarımız bizi ölkənizlə Avropa İttifaqı arasında olan əməkdaşlıqdan irəli gələn imkanlardan istifadə edərək dialoqumuzu daha da inkişaf etdirərək genişləndirməyə yönəldir. Məhz ötən günlərdə tərəfdaşlıq prioritetləri ilə bağlı danışıqların yekunlaşması ilə əhəmiyyətli irəliləyiş qeydə alındı. Strateji baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin baş qəhrəmanı ola bilər. Biz tarixi dostluğumuz və tərəfdaşlığımızın potensialından istifadə edərək dənizlərimiz arasında bu körpünü birlikdə tikməliyik. Çünki bu, istər indiki, istər gələcək münasibətimizə təsir edir. Mən xoş sözlərinizə görə Sizə bir daha təşəkkür edirəm”, - deyə, Sercio Mattarella əlavə edib.