“Ermənistan hökuməti beynəlxalq hüquqa və qanunlara zidd olaraq beynəlxalq media nümayəndələrini aldadaraq və yaxud da digər formalarda sövq edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərə gətirir. Ermənistan hökuməti bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edir və bu rejimin legitimləşdirilməsi istiqamətində əsassız səylər göstərir”.
Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyulun 19-da Tbilisidə ATƏT-in 15-ci "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfransındakı çıxışı zamanı söyləyib.
XİN sözçüsü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirir.
“Bu azmış kimi, Ermənistan hakimiyyəti və lobbi dairələri əllərindəki resurslardan və bütün mümkün vasitələrdən istifadə edərək işğal və təcavüzü gizlətməyə çalışırlar. Bunun üçün söz azadlığı, mətbuat azadlığı kimi prinsiplərdən sui-istifadə edirlər”, - deyə, H.Hacıyev vurğulayıb.
Konfransda iştirak edən Ermənistan nümayəndəsi çaşqın halda H.Hacıyevin çıxışına irad bildirmək istəsə də onun çıxışı alınmayıb.
H.Hacıyev daha tutarlı faktlarla Ermənistanın məkrli, təcavüzkar siyasətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.