20 İyul 2018 13:57
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən "Samur" gömrük postunda aşkar edilib.

Fakt əsasında Komitənin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılıb.

İstintaq nəticəsində cinayətkar qrupun 4 üzvü, Azərbaycan vətəndaşları - Qarayev Ələddin Fəyyaz oğlu, Əhmədov Fərman Allahyar oğlu, Mehdiyeva Südabə Gülməmməd qızı və Rusiya vətəndaşı Axundov İdris Nəsib oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, İ.Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ə. Qarayev, F.Əhmədov və S.Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.

Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ə.Qarayev gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək qonşu ölkəyə göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, F.Əhmədova göndərib. O, isə həmin malları Bakının Qaradağ rayonundakı "Sədərək" bazarında S.Mehdiyevaya təhvil verib. Həhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər