22 İyul 2018 11:14
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı şəhərində Milli Mətbuat Günü ilə əlaqədar ölkəmizin cənub bölgəsində fəaliyyət göstərən KİV-lərin nümayəndələri ilə görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Mətbuat işçiləri həmçinin, rayon incəsənət və tarix-diyarşünaslıq muzeyində, Viləş çayı boyunca salınan park-bulvar kompleksində olublar.

Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında ulu öndər Heydər Əliyevin xidmətləri böyükdür.

Qeyd olunub ki, Ümummilli Lider demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib.

Diqqətə çatdırılıb ki, milli mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir.

N.Muxtarlı çıxışında Masallının sosial-iqtisadi inkişafından danışaraq bildirib ki, Prezident İlham Əliyev Masallıda “ASAN həyat” kompleksi, Tarix-Diyarşünaslııq Muzeyi, Uşaq-İncənət Məktəbi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, içməli su sisteminin açılışına xeyir-dua verib.

Diqqətə çatdırılıb ki, Masallıda Sənaye Məhəlləsinin, Viləş su anbarının ikinci növbəsinin və turizm şəhərciyinin salınması layihələrinin həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi, minlərlə iş yerinin açılması insanların məşğulluğunun təminatı deməkdir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “ARB cənub” televiziyasının Xəbərlər Departamentinin direktoru İsmayıl Cəfərli, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov, “Lider” televiziyasının cənub bölgəsi üzrə müxbiri Elman Əliyev, İctimai televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikov və başqaları ölkəmizdə milli mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışaraq KİV-lərin nümayəndələrinə həmişə qayğı göstərdiyi üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi ətrafında davam edən tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Sonda KİV-lərin nümayəndələrinə mükafatlar təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər