Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün nazirlikdə mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Ağdam rayonunun işğalınının 25-ci ildönümünə və cari məsələlərə həsr olunan mətbuat konfransında H.Hacıyev əvvəlcə Xarici İşlər Nazirliyinin Ağdamın işğalının 25-ci ildönümünə həsr olunmuş bəyanatını səsləndirib.
O qeyd edib ki, məsələyə BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində yanaşsaq, 888 saylı qətnamədə birbaşa bu məsələyə toxunulub:
"Qətnamələr öz aktuallığını saxlamaqdadır. Onların həyata keçirilməsi üçün vaxt məhdudiyyəti yoxdur. Bu məsələ aktualdır və hər bir platformada Azərbaycan tərəfindən qaldırılır".
Onun sözlərinə görə, qətnamənin həyata keçirilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, ilk növbədə isə Ermənistan bu qətnamələri yerinə yetirmək öhdəliyi götürüb.