28 İyul 2018 00:56
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.

Teleqraf.com xəbər verir ki, o, 5 milyon dram (11 min ABŞ dolları) girov qoymaqla hələ ki, həbsdən yaxa qurtara bilib.

Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Tbilisi Artilleriya Komanda Məktəbinin məzunudur. Uzun illər sovet ordusunda xidmət keçib.

1992-ci ildən Ermənistan ordusunda xidmətə başlayan Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak edib. General-polkovnikdir. Müdafiə nazirinin müavini, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Milli Təhlükəsizlik Şurasının katibi olub.

2017-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (bu quruma Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir) baş katibidir.

İyulun 26-da Yuri Xaçaturov Xüsusi İstintaq Xidmətində 1 mart 2018-ci il hadisələri ilə bağlı şahid ifadəsi verib. O, həmin hadisələr zamanı müdafiə nazirinin müavini postunu tutub.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər