Bu gün Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi - Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qusarda Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü münasibətilə konfrans təşkil edib.
Teleqraf.com xəbər verir ki, hökumət rəsmiləri, diplomatik missiya nümayəndələri, qeyri-hökumət təşkilatları və digər mütəxəssisləri bir araya gətirən tədbirin əsas məqsədi belə mürəkkəb trans-sərhəd məsələləri həll etmək üçün əməkdaşlığı gücləndirməkdir.
Açılış mərasimində insan alveri qurbanlarından birinin Azərbaycana qayıtması ilə bağlı hekayəni paylaşan ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Uilyam Gill deyib ki, insan alverinə son qoyulması barədə danışarkən ləyaqətinə hörmətlə yanaşmalı olduğumuz insanlardan bəhs etdiyimizi unutmamalıyıq.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak insan alverinə son qoyulmasının vacibliyi haqqında danışıb: “Bu gün qarşımızda duran əsas problemlərdən biri təchizat zəncirinin təmin olunmasıdır: şirkətlər öz işçilərinə dəyən zərərin məsuliyyətini öz üzərinə götürə bilməli və insan alveri qurbanlarına kömək etmək üçün bütün mümkün addımların atılmasını təmin etməlidir – bunu hökumətlər, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və qurbanların özləri ilə sıx əlaqəli şəkildə birgə edə bilərlər”.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin rəis müavini Samir Zeynalov və Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional Miqrasiya İdarəsinin rəisi Hidayət Rüstəmov da tədbirdə çıxış ediblər.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) daxil olmaqla, Amerika hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində BMqT və Azərbaycan hökuməti insan alverinin qarşısını almaq, insan alveri ilə məşğul olanları cəzalandırmaq, eləcə də insan alveri qurbanlarına və onların ailələrinə kömək etmək üçün birgə çalışırlar.
USAİD-in maliyyə dəstəyi ilə BMqT həmçinin Azərbaycanda məişət zorakılığı, istismar və insan alveri qurbanlarına yardım edən üç sığınacağa yardım edib. Vətəndaş cəmiyyəti təşkilatlarının nəzdində fəaliyyət göstərən sığınacaqlarda insan alveri qurbanlarına həyatlarını yenidən qurmaq və cəmiyyətə yenidən inteqrasiya olmaq üçün kömək məqsədi ilə psixoloji, tibbi və hüquqi yardım göstərilir. Layihənin dəstəklədiyi üç sığınacaq 118-dən çox insan alveri qurbanına və bu təhlükə ilə üzləşmək ehtimalı olan 1,211-dən çox fərdə birbaşa yardım göstərib.