Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, yoxlama nəticəsində, xanım vətəndaşın alt paltarında gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr və psixotrop maddə aşkar edilib.
Aşkar edilən narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 619,1 qram heroin və 1 bükümdə 10 ədəd metadon adlı həb, psixotrop maddə isə 1 bükümdə xalis çəkisi 41,794 qram metamfetamindən ibarət olub.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.