18 Avqust 2014 13:50
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu məsələ ilə bağlı Teleqraf.com-a açıqlamasında deyib ki, Türkiyə və Gürcüstan Azərbaycanla tərəfdaş ölkələrdir.

Onun sözlərinə görə, hər üç ölkəni ümumi maraqlar biri-birinə bağlayır: “O cümlədən iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, ərazi bütövlüyü, transmilli cinayətkarlığa qarşı mübarizə və nəhayət kənar təsirlərdən birgə müdafiə məsələsi diqqət mərkəzində olur. Xüsusilə nəzərə alsaq ki, bu amil region ətrafında güclənməkdədir və demək olar, hər tərəfdən regiona müdaxilə edilməyə çalışılır. Təbii ki, belə olan halda hər üç tərəfi birləşdirən ümumi maraqlar daha qabarıq şəkildə gündəmə gəlir. Təsadüfi deyil ki, bu görüşlər dövlət başçıları səviyyəsində bir neçə dəfə baş tutub. Düşünmək olar ki, artıq göstərilən istiqamətlərdə üç ölkə arasında uzunmüddətli, çoxşaxəli strateji tərəfdaşlıq da qurulmaqdadır”.

Ə.Oruclu deyib ki, hər üç ölkənin müdafiə nazirlərinin görüşü məhz bu format çərçivəsində spesifik məsələlərə həsr olunmuş görüş ola bilər. Onun dediyinə görə, xüsusilə bölgədəki hərbi vəziyyət, təhlükəsizlik məsələləri və sabitliyin, o cümlədən hərbi sabitliyin birgə qorunub saxlanması ətrafında fikir mübadiləsi ola bilər:

“Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadi baxımdan o dərəcədə biri-birinə bağlıdır ki, bu ölkələrdən birində sabitliyin pozulması, ya da kənardan hərbi müdaxilə, yaxud da mövcud münaqişə bölgələrində destabilizasiya hər üçünün marağına çox ciddi zərbə vura bilər. Ən azından enerji və kommunikasiyalar sahəsində üç ölkə bir-biri ilə sıx bağlıdır. Bu görüş əməkdaşlıqdan savayı, həm də bölgədə sabitliyi pozanlara və ya pozmaq istəyənlərə birlik nümayişidir və bu baxımdan da zəruridir”.

Bəxtiyar


Müəllif: