Fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan samanı yandırmaqla torpağın münbitliyinə, bitki örtüyü və mikroorqanizmlərin məhvinə səbəb olur. Bu hala yol verənlərin qarşısı qanunla alınacaq və cəzalandırılacaq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov biçindən sonra kövşənliyin yandırmasının zərərindən danışarkən bildirib.
Deputat “Torpaqların münbitliyi haqqında” qanunun 9-cu maddəsinə edilən dəyişikliyi xatırladıb və qanunu pozanların məsuliyyət daşıdığını deyib: “Milli Məclisin Aqrar siyasət komitəsində müzakirələr aparıldı və əkin yerlərinin yandırılması qanunla qadağan olundu. Təhlillər aparılıb və elmi tədqiqat nəticəsində qanunvericilikdə bu barədə müddəa öz əksini tapıb. Artıq inzibati tədbirlərin görülməsi də müəyyənləşib. Əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək”.
Millət vəkilinin sözlərinə görə, taxıl biçinindən sonra yerdə qalan samanın yandırması məhsuldarlığı dəfələrlə aşağı salır: “Taxıl sahələrinin yandırılması ilə fermer növbəti ildə daha az məhsul götürməli olacaq. Artıq bu barədə əhaliyə də xəbərdarlıq olunub. Taxıl sahələrinin biçindən sonra yandırılması torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə gətirib çıxarır. Bunu fermerlər anlamalı və bu əməldən çəkinməlidirlər”.