7 Avqust 2018 17:46
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taxıl sahələrinin biçindən sonra yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır. Biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri Nicat Nəsirli deyib.

Ekspert qeyd edib ki, torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq, onun münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir.

Onun sözlərinə görə, bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir: “Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə vermək lazımdır”.

Ekspert biçindən sonra kövşənliyi yandırmaq əvəzinə alternativ üsulların olduğunu bildirib: “Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də sıfır torpaq becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir. Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir. Bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə səbəb olur”.

Nicat Nəsirli kəndlilərin biçindən sonra əkin sahəsini yandırmasının səbəbləri sırasında iqtisadi faktorun olduğunu söyləyib.

Onun fikrincə, samanın sahədə realizə olunmasının üç metodu var: “Birincisi, kəndli sahəyə traktor, presbağlayan aqreqat gətirtməli, samanı bağlatdıraraq sahədən tövləyə daşıtdırmalıdır; ikincisi, kombaynın sahəyə töküb getdiyi samanı mexaniki yolla sahənin kənarına daşıyaraq təhlükəsiz qaydada ya daşıyıb aparmalı, ya da yandırmalıdır. Nəhayət, biçin zamanı kombaynın arxa hissəsindəki xırdalayıcı vasitəsi ilə saman toz halına (mulça) gətirilərək sahəyə səpilməli, torpaq münbitləşdirilməlidir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər