Kənardan baxanda Ermənistan – Azərbaycan cəbhəsində vəziyyət sakit görünür. Əslində bu, sakitlik yox, təmas xəttində ciddi hərbi-taktiki addımların atılmasıdır.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi və hərbi komandanlığı qoşunların təmas xətti boyunca bir sıra dəyişikliklər edir:
“Serj Sərkisyan hakimiyyəti dönəmindən qalmış ordu yenidən komplektləşdirilir. Məqsəd Azərbaycan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərimizi azad etmək üçün həyata keçirə biləcəyi əməliyyatların qarşısını almaqdır.
Nikol Paşinyanın başçılıq etdiyi hökumət “demokrat” imici yaratsa da, o, erməni xislətinə və kininə sığınaraq, mövcud vəziyyəti dinc yolla dəyişmək niyyətində deyil. Paşinyanın demokratiyası yalnız Ermənistanın sərhədləri daxilindədir. Bu, sırf erməniliyə xidmət edən bir sistemdir.
Ermənilər hesab etmirlər ki, onlar Azərbaycan ərazilərini işğal ediblər, buna görə də bu münaqişənin həll olunması istiqamətində atılan heç bir addımı da dəstəkləmirlər.
Qeyd etdiyim kimi, Ermənistan siyasi rəhbərliyinin son günlər Qarabağdakı separatçı rejimlə sıxlaşan təmasları, hərbi qurumların rəhbərlərinin münaqişəyə dair müzakirə etdikləri məsələlər Ermənistan ordusunun təmas xəttindəki mövqelərinin gücləndirilməsinə hesablanıb”.