Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
E.Quliyev qeyd edib ki, son illərdə Azərbaycanın hərbi-dəniz tarixində ilk dəfə dənizdə zenit-artilleriya qurğularından və raket komplekslərindən gecə atışlarının yerinə yetirilməsi, ilk dəfə olaraq Mİ-17 helikopterləri ilə gecə uçuşlarının keçirilməsi bu sahədə qazanılan uğurlardandır. Təlimlərdə ən müasir döyüş texnikasından istifadə, raket buraxılışları, zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları müvəffəqiyyətlə həyata keçirilir:
"Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır. Keçirilən taktiki təlimlərin əsas məqsədlərindən biri də məhz yeni silah və texnikanın şəxsi heyət tərəfindən tam mənimsənilməsinə şərait yaradılması, nəzəri biliklərin təcrübədə qüsursuz tətbiq edilməsi vərdişlərinin mükəmməlləşdirilməsidir. Bununla yanaşı, ölkəmizin MDB-də telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə bərabər, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb".
General-polkovnik bildirib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa olunaraq döyüş sıralarına daxil edilən sərhəd gözətçi gəmiləri mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik olmaqla mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, göyərtəsinə helikopterin enməsi mümkün olan yeni gəmilərdən dövlət sərhədlərinin mühafizəsi, sərhəd boyu rejimin təmin olunması, neft-qaz ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı uğurla istifadə edilir.
E.Quliyev əlavə edib ki, dəniz sərhədlərinin mühafizəsinin təmin edilməsi üçün Dövlət Sərhəd Xidmətinin özünün gəmi inşa etməsi bir neçə il öncə mümkünsüz görünsə də, artıq günümüzün reallığıdır:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dəniz sərhədlərinin mühafizəsi sistemində əsaslı islahatlar keçirildi. Belə ki, dövlət başçısının 18 fevral 2005-ci il tarixli sərəncamı ilə DSX-nin Sahil Mühafizəsi yaradıldı. 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası istifadəyə verildi. Xızı, Astara, Lənkəran, Türkan, Yalama, Neftçala texniki-müşahidə məntəqələrində xidmətin təşkili və aparılması təmin olundu, Astara şəhərində müasir tələblərə cavab verən Cənub katerlər divizionu yaradıldı. Hazırda Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Xəzər dənizində nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir".
DSX rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü ilin iyul ayının 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”nin açılışını etməsi, 2015-2018-ci illərdə beş dəfə həmin mərkəzdə inşası yekunlaşmış sərhəd gözətçi gəmiləri və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla, xüsusi texnika ilə tanış olması dəniz sərhədlərimizin mühafizəsinə göstərilən ali diqqət və qayğının təzahürüdür.