Azərbaycanda yaşayan insanların böyük əksəriyyəti müsəlman olsa da, Qurban bayramına və bu günlərdə həyata keçirilən rituallara münasibət birmənalı deyil. Bu, kimisi üçün paylaşmaq, yardımlaşmaq bayramı, kimisi üçünsə qəddarlıq göstəricisidir.
Teleqraf.com Qurban bayramı haqda olan maraqlı fikirləri təqdim edir.
“Bu qədər heyvanın kəsilməsi...”
Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, Qurban bayramının təməl fəlsəfəsini, mahiyyətini sosial yardımlaşma, həmrəylik təşkil edir:
“Bu bayramlara müasir dövrdə məhz daşıdıqları sosial mənaya görə də yanaşmaq lazımdır. Məni qınamayın, bir neçə günün içərisində bu qədər heyvanın kəsilməsinin, israfçılığın izahını tapa bilmirəm. Bütün bunlar sosial dövlət anlayışının və sosial institutların olmadığı dönəmdə qəbul edilən və anlaşılan idi. Bu sözlərim sosial ədalətin olmadığı bir çox müsəlman ölkələrinə daha çox aiddir.
Elə bir cəmiyyət qurmaq lazımdır ki, hər kəs zəhmətinin müqabilində istədiyini ala bilsin. İl boyu gözləməsin ki, nə zaman Qurban bayramı gələcək, kəsilən qurbanlardan ona da pay düşəcək və o da doyunca ət yeyəcək.
Mənə görə insanların imkanlı adamların, fərdlərin lütfünə deyil, intellektinə, bacarığına, zəhmətinə, işgüzarlığına, dövlətin sosial ədalətinə sığındığı, əzilmədiyi, əyilmədiyi, sınmadığı, boynubükük, gözüqıpıq olmadığı cəmiyyət Tanrıya daha yaxındır”.
“Fürsət düşən kimi kabablamağa qaçan...”
Yazıçı Qurban Yaquboğlu hər il Qurban bayramında və Ramazan günlərində sosial şəbəkələrdə bu ritualları aşağılayan kütləvi fikirlərin yayıldığını bildirir. Onun sözlərinə görə, bu kimi fikirlərə münasibətlər fərqlidir:
“Dözən bir təhər dözür, dözməsə nə edəsidir... Ancaq bəzi absurd yanaşmalar adamı düşündürür.
Məsələn, fürsət düşən kimi kabablamağa qaçan, il on iki ay ət yeyənlər birdən-birə vegetarian həddində həssas olurlar. Heyvan bir yana, yanında adam kəsilsə qımıldamayan, etiraz eləməyən kəslər qəfil alovlu üsyankara çevrilirlər. İnkişafdan, yüksəlişdən, mədəni cəmiyyətlərdən danışanlarsa hər şeyi unudub, etiqad azadlığı kimi mühüm dəyərə dirsək göstərirlər... Nədən belə olur?
Bəlkə insanın “zooloji mənşəyi” məhz bu dönəmdə, məhz belə situasiyalarda alt qatdan çıxıb şüurdan özünü göstərmək hüququ qazanır?
Bu “aksiya”larda “Mənə təbrikinizdə qoyun şəkli göndərməyin”, “Mənə çoxlu qoyun şəkli olan təbriklər gəlir” kimi müəmmalı müraciətlər də yer alır. Təbrikə mız qoymaq “kültürü”nü ataq kənara, bəs həmin biçarə təbrik yiyəsi çıxıb o statusun altından niyə yazmır ki, sənə sayğı göstərdim, ona belə cavab verdinsə, al gəldi. Niyə demir?”
Qurban Yaquboğlu qeyd edir ki, o belə təbriklər almayıb və buna görə də, kütləvi təbrik axınından olunan şikayətlər şübhəli görünür.
“İnsanlar qəddardır”
Jurnalist Kənan Rövşənoğlu da bu məsələ ətrafında yaranmış mübahisəyə münasibətini bildirib: “Qurban bayramıdır, yəni “peyğəmbərlər atası” həzrət İbrahim oğlu İsmayılı Mina dağına çıxarıb Allaha bağlılığını sübut etmək üçün qurban etməyə apardığı gündür. Amma İbrahimin Minaya çıxışı oğul itkisi ilə bitmədi, mərhəmətli Allah onun oğlunu öldürməsinə razı olmadı. Qoç göndərdi.
Lakin insanlar qəddardır. Onlar Aşura günü həzrət Hüseynin gözləri qarşısında iki oğlunu, qardaşını və sonda isə özünü öldürdülər. Tarixi mənbələrə görə, həzrət Hüseyn Ərəfə günü həcc ziyarətini yarımçıq qoyaraq Məkkəni tərk edir. Hüseyn Minaya çıxıb qoç qurban kəsmir, çünki tale onu daha amansız “qurbangaha” - Kərbəlaya dartirdi. Orada artıq qoçlar deyil, igidlər qurban veriləcəkdi. Həzrət Hüseynin imtahanı daha ağır oldu”.
“Yazıq qoyunun qanı batır”
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun Qurban bayramına münasibəti daha fərqlidir: “Bu cümlənin üstündə düşünün, “Allah qurbanlarınızı qəbul etsin”. Yəni, Allahın qurbanı qəbul etməmək ehtimalı da var. Sən gedib 150 manat verirsən, yazıq bir qoyunu süpürləyib, kəsirsən və heç cür yoxlamaq imkanın yoxdur ki, Allah bunu qəbul etdi, ya etmədi?
İqtisadi dildə buna “yüksək riskli investisiya” deyirlər. Əgər qəbul etməyibsə, sənin mayan batır, qoyunun qanı. Məsələnin digər tərəfinə gəlincə, yəni sənin mayan cəhənnəmə, yazıq qoyunun batan qanı heyifdir”.
Vüsal Məmmədovun iddiasına görə, Qurban bayramı qədim Sami mifologiyasına aiddir: “Paylaşmaq, başqalarını düşünmək, əhdə vəfa, sədaqət gözəlidir. Amma bir şərtlə ki, bütün bunları insanlıq, qardaşlıq, vətəndaşlıq naminə edək. Qədim Sami miflərinin təsirilə yox…”