Prezident İlham Əliyev İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
***
Prezident İlham Əliyev İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İsmayıllı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş vəsait 74,8 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 75,9 dəfə artıb, Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, Peşə Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 88 mənzilli 3 yaşayış binası inşa edilib, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 110/35/10 kV-luq “İsmayıllı” elektrik yarımstansiyası və ümumi gücü 3,2 MVt olan 2 su elektrik stansiyası istismara verilib, xalçaçılıq müəssisəsi, “Buta-Qrup” MMC-nin aqroparkı və digər iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncamda qeyd edilir ki, İsmayıllı şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
***
Prezident İlham Əliyev İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.