Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan baş naziri Mamuka Baxtadzeni Bakıya səfərdə müşayiət edən bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirlər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgə üçün tərəqqinin vacib amili olduğunu məmnuniyyətlə qeyd ediblər.
Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.
Nazirlər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər. Bu mənada qarşılıqlı ali səviyyəli səfərlərin ənənəvi hal aldığı yada salınıb, hazırkı Gürcüstan baş naziri M.Baxtadzenin Bakıya səfəri həmin çərçivədə vacib hadisə kimi səciyyələndirilib.
Azərbaycan ilə Gürcüstan arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini bildirən nazirlər iki ölkə arasındakı ikitərəfli əlaqələri tamamlayan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının, habelə çoxtərəfli formatlar çərçivəsində birgə səylərin praktiki vacibliyini qeyd ediblər.
Cənubi Qafqaz bölgəsində mövcud olan həlli ləngimiş münaqişələr kontekstində nazirlər beynəlxalq hüququn təməlini təşkil edən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının rəhbər tutulmasının ümdə zəruriliyini vurğulayıblar. Bu baxımdan münaqişələrin BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri, habelə digər beyəlxalq təşkilatların müvafiq qərarları əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğu bir daha bəyan edilib.
Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Gürcüstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.