3 Sentyabr 2018 18:32
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 3-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclasının rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda İranın İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşemi, bu ölkənin mədəniyyət və islami irşad naziri Abbas Salehi, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Bolqarıstanın BTA Agentliyinin baş direktoru, 2019-2022-ci illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək Maksim Minçev çıxış etdilər.

Sonra İcraiyyə Komitəsinin sessiyası işə başladı.

Sessiyada Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Vyetnamın VNA Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi, Qətərin QNA Agentliyinin baş direktoru Yusif İbrahim əl-Maliki, həmçinin Türkiyənin Anadolu, Cənubi Koreyanın Yonhap, Çinin Sinxua, Yaponiyanın Kyodo, Monqolustanın MONTSAME, Bəhreynin BNA, İndoneziyanın ANTARA və Malayziyanın Bernama agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Qurumun baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçən işçi iclasda AZƏRTAC tərəfindən OANA-nın işinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər müzakirə edildi. Müzakirələr zamanı bir sıra agentliklər bu təkliflərin OANA-nın işinin səmərəliliyini artıracağına əminliklərini bildirdilər, onların qəbul olunmasına razılıqlarını ifadə etdilər.

Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq iclasda çıxış edərək OANA-nın Baş Assambleyasının 2019-cu il noyabrın 6-9-da Seul şəhərində keçirilməsi üçün ciddi hazırlıq işlərinin aparıldığını dedi.

Tədbirdə, həmçinin İranın İRNA agentliyinin 2022-ci ildə OANA-ya prezidentliyi məsələsi də müzakirə olundu. Bu təşəbbüs İcraiyyə Komitəsinin üzvləri tərəfindən qəbul olundu və səsə qoyulması üçün OANA-nın Baş Assambleyasına təqdim ediləcəyi bildirildi.

VNA agentliyinin baş direktoru Nguyen Duk Loi çıxış edərək dedi ki, Vyetnam hökuməti OANA İcraiyyə Komitəsinin 2019-cu il aprelin 18-21-də Hanoyda keçirilməsini təklif edir.

Həmçinin Monqolustanın MONTSAME Milli Xəbər Agentliyinin OANA İcraiyyə Komitəsinə 2020-ci ildə ev sahibliyi etmək istədiyi, Türkiyənin Anadolu agentliyinin də belə tədbirin keçirilməsində maraqlı olduğu bildirildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər