19 Avqust 2014 18:43
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Şərq Tərəfdaşlığı Forumunda təmsil olunan Azərbaycan Milli Platforması ilə bağlı məsələlər hələ də mətbuatın gündəmindən düşmür. Bu dəfə ki hədəf isə Platformanın rəhbəri iqtisadçı Vüqar Bayramovdur.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən V.Bayramov deyib ki, səsləndirilən fikirlər qeyri-ciddidir. Onun sözlərinə görə, qeyd edilən fikirlər əsaslandırılmayıb:

“Əgər biz Platformada müstəqil fəaliyyət həyata keçiririksə və praktiki olaraq Platforma müstəqildirsə, eləcə də azad şəkildə fikir bildirirsə, bu heç də bizim hansısa qurumdan asılı olduğumuz anlamına gəlməməlidir. Platformanın rəhbəri kimi Avropa Vətəndaş Cəmiyyəti Forumuna seçilmiş ilk və yeganə azərbaycanlıyam.

Platformadakı fəaliyyətimizi kimlərinsə xoşuna gəlib-gəlməmək prinsipi üzərində qurmuruq. Biz kimlərinsə vətəndaş cəmiyyətinə diktə etmək istədiyi və özləri üçün etalon bildiyi düşüncə və həyat tərzi üzərində qurmuruq. Platformadakı əsas söykəndiyimiz meyar müstəqil fəaliyyət, Azərbaycanın milli maraqlarının həm ölkə daxilində, həm də xaricdə qorunması və vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək, eyni zamanda QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinə nail olunmasından ibarətdir. Bu, bizim fəaliyyətdir və əgər kimlərinsə xoşuna gəlmirsə, onlar özlərinin dəyişməsi haqqında düşünsünlər. Eləcə də, vətəndaş cəmiyyətinin fəlsəfəsinin nədən ibarət olduğunu nəzərə almalıdırlar. Bütün hallarda qeyri-ciddi fikirlər, iradlar heç də fəaliyyətimizə hər hansı kölgə sala bilməz”.

V.Bayramov qeyd edib ki, özünə hörmət edən ciddi mətbuat orqanı ad çəkmədən digər şəxs haqqında yazını ictimailəşdirməməlidir. Onun sözlərinə görə, bu həmçinin jurnalist etikasından kənar addımdır: “Görünür, mənim həm Forumda, həm də Platformadakı fəaliyyətim kimlərisə qıcıqlandırır, yumşaq desək, kimlərinsə antiAzərbaycan maraqlarına uyğun gəlmir. Şəxsən mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Nələrin deyilməsindən asılı olmayaraq, bu və ya bu kimi qeyri-ciddi iradlar müxtəlif mətbuat səhifələrində adı çəkilməyən mənbə altında verilməsi fəaliyyətimə hər hansı təsir göstərmir. Vətəndaş cəmiyyətinin nümayəndəsi və iqtisadçı kimi fəaliyyətimi ölkə daxilində və xaricində qurmuşam. Hər bir azərbaycanlının istər ölkə daxilində, istər xaricdə fəaliyyəti Azərbaycanın milli maraqlarına xidmət etmək olmalıdır. Təbii ki, biz öz potensialımızı bunun üçün istifadə edirik. Kimlərinsə bunu bəyənib-bəyənməməsi bizim üçün əhəmiyyətli deyil”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər