4 Sentyabr 2018 22:58
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan türk-islam dünyasının ilk dünyəvi dövlətidir. Bu dövlətin əsasını XIX əsrin sonu, XX əsrin əvvəlində məhz Avropanın ən nüfuzlu universitetlərini bitirmiş, dünyəvi dəyərlərə yiyələnmiş gənc azərbaycanlılar qoyub.

Bunu Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Azərbaycan və İranın müsəlman Şərqinin iki şiə ölkəsi olmasına rəğmən fərqli inkişaf yolu seçmələrinə dair öz fikirlərini bölüşən deputat qeyd edib ki, cənub qonşumuz bu gün Orta Şərqdə guya müsəlmanları müdafiə edir:

“Lakin, hazırda onların lap qonşuluğunda yüz minlərlə şiə müsəlmanı didərgin salmış Ermənistana ən çox dəstək verən ölkədir. Burda təbii olaraq dəyərlərin toqquşması böyük rol oynayır. Bir amili də xüsusi qeyd etmək istərdim. Bu gün İranda milyonlarla türk öz mədəniyyətini inkişaf etdirməkdən, öz dilində təhsil almaqdan məhrum edilib. Onların təməl hüquqları kobud surətdə pozulur. Bu zaman sual yaranır; bəlkə islami dəyərlərin bu ölkəyə heç aidiyyatı yoxdur? Çünki biz görürük ki, söhbət islamdan deyil, siyasətdən gedir. Məhz bu siyasət onları Ermənistanın ən böyük dəstəkçisinə çevirib. Rusiya Ermənistana ancaq silah verir. Lakin, elektrik enerjisi, qida, bir sözlə iqtisadi nöqteyi-nəzərindən təcavüzkar dövlət ən böyük dəstəyi İrandan alır. Bütün bunlara baxmayaraq Azərbaycan bütün qonşularla normal qonşuluq münasibəti qurmaq istəyir. İranla da Azərbaycan öz siyasətini formalaşdırarkən hansısa ziddiyyətli məqamları qabartmağa çalışmır, əksinə normal qonşuluq müstəvisində münasibətlər qurmağa çalışır. Azərbaycan xalqı hər zaman öz dövlət dünyəvi dəyərlərinə sadiqdir. Qonşuluğumuzda yerləşən hansısa keçmiş imperiyalar müstəqilliyimizə xələl gətirə bilməz”.

A.Mollazadə İrandakı azərbaycanlıları milli azlıq adlandırmağın da əleyhinə çıxıb:

“Əksinə, onlar çoxluqdur. Söhbət milyonlarla insandan gedir. Lakin onlar artıq qeyd etdiyimiz kimi öz mədəniyyətlərini öz dillərində inkişaf etdirməkdən, ana dilində təhsil almaqdan məhrum ediliblər. Hətta, çar və sovet imperiyası zamanında da Arazın bu tayında Azərbaycan dilində məktəblər, universitetlər olub. Ancaq, İranda bu gün soydaşlarımıza bu hüquq verilmir”.

İrandakı hazırkı siyasi sistemin ölkədə iqtisadi vəziyyətin ağır vəziyyətə çatmasında roluna dair fikirlərini bölüşən A.Mollazadə qeyd edib ki, Barak Obama administrasiyası İrana qarşı sanksiyaları aradan qaldırandan sonra üzərinə həbs qoyulmuş milyardlarla dollar pul vəsaiti Tehrana göndərildi:

“Lakin bu vəsaitlər xalqın rifahının yaxşılaşmasına yox, Orta Şərqdə aparılan müharibələrə xərcləndi. Bu, öz-özlüyündə İranda iqtisadi böhranı daha da dərinləşdirən amilə çevrilib. Yenidən tətbiq olunan sanksiyalar da bu ölkənin iqtisadiyyatını çökdürür. Təbii olaraq vətəndaşlar arasında suallar yaranır: ölkənin iqtisadiyyatı ağır vəziyyətdə olduğu halda biz nə üçün Yəməndə, Suriyada, Livanda müharibələrə milyardlar xərcləməliyik? Tələblər ondan ibarətdir ki, vəsaitlər müharibələrə deyil, məhz insanların inkişafına, təhsil və səhiyyəyə xərclənməlidir. Ancaq biz görürük ki, totalitar təfəkkür ölkənin vəsaitini siyasi məqsədlərin əldə edilməsinə sərf edir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər