14 Sentyabr 2018 19:56
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qafqaz İslam ordusu 100 il əvvəl Azərbaycanın köməyinə gəlməsəydi, Cümhuriyyətinin ömrünün neçə ay olacağı barədə fikir söyləmək çətin olardı”.

Bu sözləri Publika.az-a açıqlamasında tarix elmləri doktoru, professor Anar İsgəndərov 15 sentyabr Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin Azərbaycan tarixi üçün əhəmiyyətindən danışarkən deyib.

Alim bildirib ki, ordusu olmayan hökümətin düşmən qüvvələrinə nə qədər tab gətirəcəyinə tarixçi düşüncəsi ilə cavab vermək asan deyil.

A.İsgəndərov Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəlməsini zəruri edən məqamlara toxunub:

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özgə torpaqda Azərbaycanın aydınları tərəfindən elan edildi. Lakin hökümət Bakıya gələ bilmirdi. Bunun səbəbi isə 1918-ci il mart soyqırımından sonra Bakıda Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan Bakı Sovetinin mövcudluğu idi. Ona görə də hökumət müvəqqəti olaraq Gəncəyə gəldi. Həmin dövrdə hökumətin ən böyük problemi milli ordu hissələrini yaratmaq idi. Çünki çar Rusiyası dövründə azərbaycanlıları hərbi xidmətə çağırmırdılar, ona görə də azərbaycanlılardan ibarət ordumuz yox idi. Yalnız Cümhuriyyət elan ediləndən sonra Əliağa Şıxlinskinin başçılığı ilə Gəncədə milli ordu hissəsi deyilən birləşmə var idi. Onun 600 nəfəri Nargin və Bulla adalarından qaçan türk əsirləri 400-ü isə azərbaycanlılar idi. Bu ordu ilə Gəncəyə hücuma hazırlaşan 18 minlik ordusu olan Bakı Soveti qüvvələrinin qarşısını almaq mümkün olmazdı. Azərbaycan hökumətinin Osmanlıya müraciətinin nəticəsində Qafqaz İslam ordusu deyilən ordu köməyimizə gəldi. Bu ordu olmasaydı, 18 minlik Bakı Soveti qüvvələri Xalq Cümhuriyyətini elə Gəncədəcə süquta yetirərdi. Qaraməryəm ətrafındakı ilk döyüş uğursuz olsa da, lakin son döyüş nəticəsində Qafqaz İslam Ordusunun 29 yaşlı komandiri Nuru Paşa istəyinə çatdı. Bakı Soveti qüvvələri darmadağın edildi, Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşü başladı. Bu ordunun bütün heyəti Ormanlıdan gəlməmişdi, Azərbaycandan olan kifayət qədər könüllü onlara qoşulmuşdu. Azadlıq, müstəqillik və qurtuluş yolu Gəncədən başladı və Bakıda sona çatdı. Bakı yüz il bundan əvvəl ilk dəfə olaraq tarixində Azərbaycanın paytaxtı oldu”.

A.İsgəndərovun sözlərinə görə, parlamentin ilk iclasının qərarlarından biri də məhz Bakının ən hündür yerində şəhid olan Osmanlı əsgərlərinə abidə qoyulması oldu:

“Bütün hazırlıqlar görülsə də, 1920-ci ilin aprel işğalı bu ideyanı yarımçıq qoydu. Həmin abidə yalnız 2000-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edəndən sonra ucaldıldı. Bu gün Şəhidlər Xiyabanına gedənlər həm Osmanlı əsgərləri, həm də Qarabağ müharibəsində şəhid olanlar üçün dua edirlər.

Bu ordunun etdiklərini 70 illik Sovet dönəmi yaddan çıxara bilmədi. Azərbaycanla Türkiyə arasında əlaqələr bu gün də yüksək səviyyədədir. Dağlıq Qarabağ propbleminin həlli üçün Türkiyə Cümhuriyyəti əlindən gələni edir. 15 sentyabra həsr edilmiş və sabah keçirilməsi planlaşdırılan parad Qafqaz İslam Ordusunun Azərbaycanın qurtuluş tarixində əvəzsiz rolunun olduğunu göstərir. Həmin ordu olmasaydı, bugünkü müstəqil Azərbaycanın varlığı da şübhə altına alına bilərdi. Bakı Soveti qüvvələri Xalq Cümhuriyyətini Gəncədə boğsaydı, onda nə Cümhuriyyətdən, nə də bugünkü Azərbaycandan danışa bilərdik.

Bu ordu təkcə Gəncədən Bakı istiqamətində olan azadlıq yürüşündə min nəfərdən artıq şəhid verib. Ordumuz deyəndə biz birmənalı olaraq Qafqaz İslam Ordusunu nəzərdə tuturuq. Müasir Azərbaycan hər şeyə görə Cümhuriyyətə borcludur. Cümhuriyyət Azərbaycan tarixində zirvədir və bu zirvə hər birimizindir. Bu mənada 1918-20-ci illərdə əldə olunan uğurları inkişaf etdirmək bizim borcumuzdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər