15 Sentyabr 2018 13:49
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevinc, həyəcan təlaş və pafosdan bir az uzaq desək, gələcəyə, bilikli, savadlı, vətənpərvər biri kimi yetişməyə doğru atılan ilk addımın günü - 15 sentyabr!

İlk dərs günü uşaqdan tutmuş, cavan, qoca hər kəsin yaddaşında fərqli, özünəməxsus xatirələrlə qalır. Elə insan yoxdur ki, məktəbə qədəm qoyduğu günü təbəssüm və xoş xatirələrlə anmasın.

Bu gün səhər saatlarında məktəblilərin, xüsusən də birincilərin təəssüratını öyrənmək, eyni zamanda həyəcanlarını paylaşmaq üçün paytaxt məktəblərinə üz tutduq.

Hələ gedəcəyimiz ünvana çatmamış şəhərdə xoş bir təlaşın şahidi oluruq. Şəhərin hər yerində məktəbli paltarında gülüzlü uşaqlara, onları məktəbə aparmağa tələsən valideynlərə, birinciləri yola salmağa gedən yaxınlarına rast gəlirik.

Budur, artıq 47 nömrəli tam orta məktəbdəyik. Həyətdə həyəcanla gözləyən valideyn, şagird və müəllimlər var. Respublikanın və paytaxtın başqa məktəblərində olduğu kimi burda da ilk dərs günü üçün tədbir hazırlanıb. Ənənəvi olaraq birincilər qarşılanır və məktəbə yola salınır.

Alışdığımız mənzərə də var - birincilər valideynlərdən ayrılmaq istəmir, atdıqları addımlardan qorxurmuş kimi təəccüb və maraq dolu gözlərlə ətrafı izləyirlər.

Məktəbin direktoru Aytən Bağırova ilk dərs günü ilə bağlı təəssüratlarını bizimlə bölüşdü: “Bu gün biz bilik gününü keçirərək, birinciləri qəbul etdik, onlar üçün xüsusi proqramlar hazırlamışdıq. Qonaqlarımız, veteranlar, yaxşı nəticə göstərmiş şagirdlərimiz və 11-ci siniflərlə birlikdə birinciləri qəbul elədi. İlk dəqiqədən uşaqlara aşılamağa çalışırıq ki, onlar bura bilik dalınca gəlirlər, valideynlər qapı arxasında qalacaq. Onların ikinci evi artıq bu məktəb, ikinci valideynləri isə müəllimlərdir...”

Məktəbə daxil olub, birincilərə baş çəkirik. Kimisi sakitcə oturub, kimisi qorxa-qorxa ətrafa boylanır, kimisi yanında oturduğu parta yoldaşı ilə söhbət edir, kimisi isə ağlayaraq müəlliməsinə sığınıb. Məktəbi sevib-sevmədiklərini öyrənmək üçün yaxınlaşırıq. Həvəslə söhbət edir, hətta öyrəndikləri şeirləri səsləndirirlər.

Məktəbdə hamımızın unutmadığı, bizi gələcəyə hazırlayan, təkcə bilik deyil, həm də həyat dərsi keçən ilk müəllim və müəllimələrimiz var. Birincilər qədər olmasa da onlar da həyəcan keçirilər. Çünki hiss edirlər ki, gələcəyin həkim, müəllim, vəkil və ən əsası vətəndaşını yetişdirilər.

Afət İsrafilova deyir ki, 30 ildən çoxdur bu məktəbdə işləyir: “Hər dəfə birinci sinif götürəndə eyni həyəcan, eyni təəssüratlar yaşayıram. Uşaqlar qədər həm sevinib, həm də həyəcanlanıram”.

26 ildir birinci sinif müəlliməsi işləyən Sədiqə Vəliyeva da hər il sinfə girəndə bura ilk dəfə qədəm qoyduğu hissini keçirir: “Arzularım isə çoxdur. Birincilərə zehin açıqlığı arzulayıram. 11-ci sinfi uğurla başa vursunlar. Ali məktəbə girmək şərt deyil, əsas odur ki, ağıllı, savadlı, bilikli, gərəkli vətəndaş kimi yetişsinlər”.

Həyətdə övladlarını, nəvələrini gözləyən valideynlər də gələcəkdən və uşaqlardan çox şeylər gözləyirlər. Arzular böyük və sonsuzdur. Amma hər biri rahatlıq duyur ki, uşaqları əmin-amanlıqla məktəbə gedir, onlar üçün hər bir şərait yaradılıb.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, 2018-2019-cu tədris ilinə hazırlıq çərçivəsində, BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə hazırlıq işləri görülüb: “Məktəblərdə təhsildə keyfiyyət ilinin davamı olaraq, xüsusi ilə tədrisin keyfiyyətinə nəzarət, təmayüllər üzrə dərinləşdirilmiş tədrisin genişləndirilməsi, şagirdlərin vətənpərvərlik tərbiyəsinin və məktəbdənkənar tədbirlərdə fəallığının gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması əsas götürülüb.

Məktəblərdə əvvəlki illərdə əldə olunmuş ənənələrin, təcrübələrin genişləndirilməsi baxımından da bu il əlamətdar olacaq. Cari tədris ilində birinci dəfə ilk dərslər vətənə, milli tarixə, mənəvi dəyərlərə həsr olunur. Bu tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bütövlükdə 442 min 147 şagird təhsil alacaq. Yeni tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə 48 mindən çox uşağın oxuyacağı gözlənilir.”

Sektor müdiri deyib ki, bu gün paytaxtın bütün ümumtəhsil müəssisələrində Bilik günü qeyd olundu: “Bilik günündə valideynlər, ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, pedaqoji kollektivlər iştirak elədi. Bilik günləri Təhsil Nazirliyinin əmrinə uyğun olaraq məktəb daxilində təşkil olundu, birincilər məktəblə tanış oldular, altı günlük sistemlə işləyən məktəblərdə dərslərə start verildi.

Məlum olduğu kimi 5 günlük məktəblərdə ilk dərs günü sentyabrın 17-dən başlayır. 48 mindən artıq məktəbə qədəm qoyan birincilərdən 24 mindən çoxu ötən il hazırlıq qrupunda olan uşaqlardır. Onlar daha sərbəst və məktəbə uyğundurlar...

Bu il bütün ölkədə olduğu kimi Bakı şəhərində də təmayülləşmə şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər