17 Sentyabr 2018 12:46
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli parad Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Teleqraf.com xəbər verir ki, Anadolu, İHA və DHA xəbər agentlikləri, TRT HABER, HABER TÜRK, TRT AVAZ və başqa televiziya kanalları, “Yeni çağ”, “Akşam”, “Posta”, “Hüriyyət”, “Milliyyət”, ”Sabah”, “Vətən” və digər çoxtirajlı qəzetlər Türkiyə dövləti başçısının Azərbaycana səfərinə, Bakıda keçirilən parada və bu təntənəli mərasimdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakına geniş yer ayırıblar.

Anadolu agentliyi mövzu ilə bağlı 40 foto və 3 videomaterial yayıb. TRT HABER kanalı paradın açılış mərasimini birbaşa translyasiya edib. Bundan başqa, TRT-nin baş direktoru İbrahim Erenin layihə rəhbərliyi ilə bu kanal Bakının işğaldan azad olunmasının 100-cü ildönümünə həsr edilən bayram proqramı hazırlayıb.

Mövzunu manşet materialı kimi təqdim edən “Vətən”, “Milliyyət”, ”Sabah” və digər qəzetlər “İşğal bitmədən sərhədlər açılmaz” başlığı ilə təqdim etdikləri yazılarda dövlət başçılarının çıxışlarındakı mühüm məqamları alt başlıqlarla türkdilli oxucuların diqqətinə çatdırıblar.

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirləri təqdim edən “Yeni çağ” qəzeti həmin yazı ilə yanaşı, təcavüzkar Ermənistanın işğalçı ordusunun cəbhə bölgəsində mülki azərbaycanlı əhalini davamlı şəkildə atəşə tutmasına dair məlumat yayıb.

Yayılan materiallarda bildirilir ki, Azərbaycanın və Türkiyənin dostluq və qardaşlıq münasibətləri hazırkı dövrdə tarixin bütün dövrlərində olduğundan daha möhkəmdir. Bu, sıx, təmənnasız və tarixi əhəmiyyət daşıyan əlaqələrin qorunmasında və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri böyük gücə malikdir. Türkiyə KİV-lərinin Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışındakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı məqamlara geniş yer ayırması bütövlükdə Türkiyə xalqının Azərbaycana qardaşlıq münasibətinin təzahürüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər