18 Sentyabr 2018 17:46
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Biləsuvar şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamla Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

***

Prezident İlham Əliyev Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Prezident İlham Əliyev Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Masallı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 11,2 dəfə, əsas kapitala yönəldilən vəsait 45,0 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 45,5 dəfə artmış, Olimpiya İdman Kompleksi, ”ASAN həyat” Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, Regional Boks və Taekvondo mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, 47 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bundan başqa, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 110/35/10 kV-luq “Tüklə” elektrik yarımstansiyası istismara verilmiş, Masallı Sənaye Məhəlləsi, iri istehsal və emal müəssisələri yaradılmış, 28 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamla Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

***

Prezident İlham Əliyev Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər