İslam dinində əzadarlıq anlayışı yoxdur. İslam dinini formalaşdıran üç məsələ var: “Quran”, hədislər və sünnə...
Bunu Teleqraf.com-a açıqlamasında Azvision.az xəbər saytının baş redaktoru Vüsal Məmmədov deyib.
Baş redaktorun sözlərinə görə, nə “Quran”da, nə də Məhəmməd peyğəmbərin sünnəsində əzadarlıq məsələsi yoxdur:
“Əzadarlıq Məhəmməddən 3-4 əsr sonra İslama gəlib. Bu vaxt artıq İslam siyasi ideologiya kimi formalaşırdı. O dönəmdə iki cür İslam vardı: xilafətin (imperiyanın) başında dayanmış İslam, bir də hakimiyyətdə olan sinifə qarşı müxalifətdə dayanmış qüvvələrin İslamı...
O vaxt müxalifət dini ideologiya əsasında formalaşırdı, çünki siyasi ideologiya yox idi. Buna görə də, hakim ideologiyaya qarşı ancaq din müxalifətdə dayana bilərdi. Şiəlik də həmin situasiyada ortaya çıxdı. Bu isə müxalifətin dini idi. İmperiyanın ucqarlarında şiəlik dediyimiz xətt formalaşmağa başladı.
Roma imperiyasında da belə olub. Romada paqanizm əsaslı din vardı və buna qarşı ucqarlarda xristianlıq yaranırdı. İstənilən imperiyanın tarixi belə nümunələrlə zəngindir. Bu proses ərəb imperiyasında da gedirdi. Amma ərəb imperiyası klassik imperiya idi. Bunun mərkəzi və periferiyası var idi. Periferiyada da hakim ideologiyaya qarşı şiəlik yarandı. Şiələr də özlərini fərqli göstərmək üçün fərqli elementlər əlavə etdilər. Həmin dönəmdə də bölgədə xristianlıq geniş yayılmışdı. Müqayisə etdikdə görürük ki, şiəliklə xristianlıq arasında həddindən artıq paralellik var”.
Vüsal Məmmədov şiəlik və xristianlıq arasındakı oxşarlıqları da sadalayıb:
“Məsələn, xristianlığa görə çarmıxa çəkilmiş İsa səhəri gün dirilib və qeybə çəkilib. Şiəliyə görə isə onların 12-ci imamı Mehdi xəlifə tərəfindən öldürüldükdən sonra dirilib qeybə çəkilib. Xristianlığa görə İsa, şiəliyə görə isə Mehdi nə vaxtsa qayıdıb Yer üzündə öz hakimiyyətini elan edəcək.
Xristianlıqda 12 həvari və İsa, şiəlikdə isə Məhəmməd və 12 imam anlayışı var. Xristianlıqdakı 14 məsum anlayışı şiəlikdə də mövcuddur.
Nəhayət, xristianlıqda flagellantlıq ənənəsi olub. “Flagella” “qamçı” deməkdir. VI-VII əsrlərdə bu ənənə ortaya çıxmağa başladı, bu, günahları qarşılığında özünü döymək idi. Özünü günahkar bilən dindar öz-özünü cəzalandırırdı. Bunun da XIII əsrdə Papa Kliment qadağan etdi.
Şiəlik də bu flagellantlığı xristianlıqdan götürüb adını əzadarlıq qoyub. Bu da imamlarla bir yerdə olmamağa görə özünü cəzalandırmaq mənasına gəlir. Baxmayaraq ki, xristian dinində flagellantlıq qadağan edilib, amma bu gün İndoneziya və Filippində bu ənənə hələ də qorunur. Kiçik qamçılara tikanlı məftillər bağlayıb kürəklərinə elə vururlar ki, ətləri qopur. Sadəcə olaraq, əzadarlıqdan fərqli olaraq, flagellantlıq daha qədim köklərə malikdir”.
Qeyd edək ki, sabah Azərbaycan və digər müsəlman ölkələrində Aşura günü qeyd olunacaq.