Gözəl Dəmirovla Bakı Şəhər Baş Polis İdarəsində bir yerdə işləmişik. Sonralar Suraxanı rayonunda mən polis idarəsinin rəisi, Gözəl Dəmirov isə müavin olub. Nəhayət, mən nazir olanda Gözəl Dəmirov DİN-də idarə rəisi işləyirdi.
Bunu Teleqraf.com-a açıqlamasında sabiq daxili işlər naziri İsgəndər Həmidov dünən gecə İstanbulda biznesmen Etimad Əsədovu güllələyən Gözəl Dəmirov haqqında danışarkən deyib.
İsgəndər Həmidov bildirib ki, Gözəl Dəmirov əslən sabirabadlıdır və atası rayonda tanınmış şəxs olub:
“Onun atası SSRİ dövründə Sabirabadda aptek müdiri olub. Yəni SSRİ dövrü zəngin ailə sayılıblar. Səhv etmirəmsə, Gözəl Dəmirovun anası millətçə belarus olmalıdır”.
Sabiq nazir daha sonra deyib ki, Gözəl Dəmirov onun dövründə təqaüdə çıxmayıb:
“Bildiyim qədər məndən sonra da DİN-də işləyib və sonralar təqaüdə çıxıb. Onun qardaşı Bakı Soyuducular Zavodunun direktoru olub. Kifayət qədər tanınmış ailədən olublar. Gözəl Dəmirovun özü təbiətcə sakit insan idi. Mən onu son 25 ildə görməmişəm və heç bir əlaqəm olmayıb. Ancaq təəssüflər olsun ki, pul qardaşı-qardaşla düşmən etmək gücündədir. Mən rəsmi xəbərlərdən əlavə məlumata malik deyiləm”.
Gözəl Dəmirovun Rövşən Cavadovla yaxın əlaqədə olması və 1995-ci ilin mart hadisələrindən sonra Azərbaycandan qaçması haqqında iddialara gəldikdə sabiq nazir bildirib ki, bu barədə dəqiq informasiyaya malik deyil:
“Ancaq mən də, Rövşən Cavadov da, Gözəl Dəmirov da DİN-də birlikdə işləmişik. DİN-də işləyən şəxslərin hamısı bir-birini tanıyır. Gözəl Dəmirov da idarə rəisi olub. Yəni Rövşən Cavadovla Gözəl Dəmirov bir-birini tanıyıblar.
Mən bildiyim qədər sonralar Gözəl Dəmirov biznes fəaliyyəti ilə məşğul olub. Əsasən Ukrayna, Belarus və Türkiyədə iş qurub və zənginləşib. Hətta iddia edirlər ki, Ukrayna silahlarını Türkiyəyə satırmış. Yəni qaçaqmalçılıq fəaliyyəti olub. Mən belə eşitmişəm, ancaq dəqiq informasiyam yoxdur”.
Sonda İsgəndər Həmidov Etimad Əsədovun öldürülməsini böyük faciə adlandırıb: “Mən bu haqda eşidəndə çox üzüldüm. Bu böyük faciədir. Hörmətli İlyas İsmayılova dərin hüznlə başsağlığı verirəm”.