Ötən gün axşam saatlarında İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən keçmiş polis rəisi Gözəl Dəmirovun polisə verdiyi ilkin ifadə məlum olub.
Dəmirov qətlin pul üstündə baş verdiyini etiraf edib.
Türkiyədə bizneslə məşğul olan Dəmirov şəriki E.İsmayılovla birlikdə qurduqları şirkətin 4 milyon dollar dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməsini istəyib. İş adamları aralarındakı problemi həll etmək üçün İsmayılovun Floryadakı ofisində görüşüblər.
Polisdəki ifadəsi zamanı Dəmirovun İsmayılovla birgə ticarət mərkəzi işlətdikləri, eləcə də qida və elektronika ticarəti sahəsində ortaq çalışdıqları bəlli olub. Dəmirov İsmayılova birgə çalışdıqları şirkətin 2%-ni verəcəyini bildirsə də, sonradan bəzi problemlər ucbatından bunu həyata keçirə bilməyib. Bundan sonra İsmayılov Dəmirovu təhdid edərək, gecikmə ucbatından zərər görəcəyini bildirib. Bundan sonra Dəmirov özü və ya övladlarına hansısa zərərin gələcəyini düşünərək, İsmayılovun ofisinə gedib və atəş açaraq onu öldürüb.
Dəmirov polisə ifadəsində bildirib ki, İsmayılovu öldürməsəydi, bu addımı İsmayılov atacaqdı.