21 Sentyabr 2018 19:58
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbirin keçirilməsi və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakının təmin edilməsinin özü artıq bir tarixi hadisə kimi qiymətləndirilməlidir. Çünki bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu tarixinin, dövlətçilik tarixinin, dünəninin və bu gününün dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malik bir xalqdır və hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib:

“Bu mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi. Prezident cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı.

Ölkəmizin 1993-cü ildən sonra sabitlik və inkişaf yoluna qədəm qoyduğunu xatırlatmaqla hazırki mərhələdə istər iqtisadi-siyasi, istər humanitar və sosial sferada, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı. Dağlıq Qarabağ probleminin həlli məsələsinin vacibliyinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət – Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. “Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, – deyən Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq”.

H.Babaoğlu qeyd edib ki, bu fikirlər həm problemin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin səbatsız və təxribatçı çıxışlarına cavab kimi səsləndirildi:

“Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazanması və bunun regona sabitlik və rifah gətirdiyi, eyni zamanda ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qalması regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikulturalizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı və ölkəmizin bu siyasəti davam etdirəcəyi bildirildi. Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, onun sözün əsl mənasında müstəqil dövlət olması, daim öz milli maraqlarından çıxış edə bilmə cəsarəti nümayiş etdirməsi yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənlərinə sadiq qalmasının bariz nümunəsidir”.


Müəllif: Səxavət Həmid