27 Sentyabr 2018 14:39
3 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Rusiya KİV-də də geniş işıqlandırılır.

Qeyd edək ki, Rusiya dövlət başçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşəcək. Daha sonra hər iki dövlət başçısı IX Rusiya-Azərbaycan Regionlar arası Forumda iştirak edəcəklər.

Bəs Putinin Bakı səfərindən nələr gözlənilir?

Teleqraf.com-un xəbərinə görə, rusiyalı ekspertlər bildirirlər ki, Moskva və Bakı arasında münasibətlət həm iqtisadi, həm də siyasi müstəvidə durmadan inkişaf edir.

Onların fikrincə, bu səfər Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr tarixindəki Soçi səfərinə cavabdır. Kremlin mətbuat xidməti xəbər verir ki, həmin səfər zamanı hər iki lider danışıqların nəticəsi olaraq qarşılıqlı tərəfdaşlıq və iqtisadiyyatın prioritet istiqamətləri barədə sənəd imzalamışlar. Bütün sahələri əhatə edən bu sənəd hər iki ölkə arasında siyasi, iqtisadi və hərbi sahələrdə münasibətlərə təkan verir.

“Milli Diplomatiya” fondunun rəhbəri Vladimir Kireyev Putinin Bakıya səfəri ilə bağlı bildirib:

“Rusiya və Azərbaycan arasında son zamanlarda bir çox sualları əhatə edən nəzər nöqtələri daha da artmaqdadır. Bu nəzər nöqtələri iqtisadi bazar, regionda təhlükəsizlik,qonşulara münasibətdir”.

Kireyev qeyd edir ki, Azərbaycanı digər Zaqafqaziya ölkələri kimi Rusiya ilə tarixi və coğrafi bağlar yaxınlaşdırır. Azərbaycan və Rusiya Xəzər dənizində birlikdə hərəkət edir.

“İki ölkə arasındakı münasibətlər heç zaman düşmənçilik müstəvisində olmayıb. 90-ların axırı 2000-lərin əvvəllərind müəyyən anlaşılmazlıqlar olsa da, məhz bunun nəticəsində hər iki ölkənin maraqları indi bir-birilə üst-üstə düşür”, – deyə politoloq əlavə edib.

Onun fikrincə, Moskva və Bakı arasındakı hazırki münasibətlər strateji tərəfdaşlıq kimi dəyərləndirilməlidir:

“2017-ci il ərzində hər iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Azərbaycan Rusiya və İranla birlikdə “Şimal – Cənub” nəqliyyat dəhlizində iştirak edir. 7 min kilometrə çatacaq bu nəqliyyat yolu Cənubi Asiya, Yaxın Şərq və Avropanı birləşdirəcək”.

Geopolitoji ekspert Valeriy Korovin qeyd edir:

“Rusiya və Azərbaycan arasındaki son iki ildə davam edən intensiv əlaqələr İlham Əliyevə və Vladimir Putin arasında əməkdaşlıq perspektivlərini və konkret suallar ətrafında işbirliyinin müzakirəsini vacib etdi. Bakının ABŞ və Avropa Birliyi ilə münasibətləri Moskvanın Azərbaycana marağını artırmaya bilməzdi”

Vladimir Putin son 1 ay ərzində ölkəmizə rəsmi səfər edən 4-cü liderdir. Bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya Kansleri Angela Merkel və Monqolustan Prezidenti Xaltmaqiyn Batulqa, onlardan əlavə Avstriya kansleri Haynz Kristian Ştrahe və İsrailin Müdafiə naziri Aviqdor Liberman da ölkəmizə gəlib. Zaman keçdikcə, artıq dünyanın aparıcı dövlətləri regionda Bakının önəmini daha çox anlayırlar.

Azərbaycan Avropanın mühim enerji təminatçılarındandır. Ölkəmizə səfər edən xarici ölkə liderlərini əsas olaraq bu, cəlb edir və bu ölkələr Azərbaycanla enerji tərəfdaşlığı haqqında müqavilələr imzalamaqda maraqlıdırlar. Cari ilin may ayında Avropa İttifaqı ölkələrinə il ərzində 10 milyard kub metr qaz axınını təmin edəcək “Cənubi Qaz Dəhlizi”nin açılışı oldu. 2020-ci ildə ilk qazın çatıdırlması təmin ediləcək. İyunda isə TANAP açılaraq Avropa və Türkiyəyə il ərzində 16 milyard kubmetr qazın çatdırılmasını təmin edəcək. Bu layihələrin isə əsasını Azərbaycan qazı təşkil edir. Təbii ki, rəsmi Moskvada bunun fərqindədir və bu cür müttəfiqi öz yanında görmək istəyir.

“Putin və Əliyev enerji sahəsində əməkdaşlığı ətrafı müzakirə edəcək. Bundan əvvəl də rus şirkətlərinin “Cənub Qaz Dəhlizi”nə qoşulması müzakirə edilmişdi”, – deyə Kireyev vurğulayıb.

NATO ilə yaxınlaşma

Bu ay ərzində NATO-nun iki yüksək vəzifəli əməkdaşının – Baş Katibin müavini Rouz Qotemyöller və Parlamnet Assambleyasının sədri Paulo Allinin ölkəmizə səfəri Moskvanı narahat edib.

Korovin hesab edir ki, NATO-nun Azərbaycana bu cür maraq göstərməsi Moskvanı Azərbaycanla daha da yaxınlaşmağa vadar edir. Bakı həm də Moskvaya Yaxın Şərqdə terrorizmə qarşı mübarizədə hava və su kimi lazımdır.

Qarabağ amili

Ölkə liderləri arasında hər bir görüşdə olduğu kimi, Vladimir Putinin Bakı səfərində də Qarabağ münaqişəsi müzakirə olunacaq. Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür və münaqişənin həllində ən əsas rol oynayan faktorlardandır. Kreml rəhbərinin Bakı səfəri münaqişənin həllində müəyyən irəliləyişə nail olmaq üçün əlverişli fürsətdir.

Vladimir Kireyev qeyd edir:

“Rəsmi Moskvanın İrəvan üzərində həlledici təzyiqi var. Azərbaycana Rusiyanın bu təzyiq resurslarından istifadəsi münaqişənin həlli üçün vacibdir. Hər iki ölkənin milli maraqlarında Qarabağ amili ilk yeri tutur. Moskva geosiyasi narazılığı azaltmaq üçün bəzi kartlardan istifadə edə bilər”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər