28 Sentyabr 2018 08:17
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi və elə buna görə də BMT buna qiymət verməlidir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, əks təqdirdə istənilən işğalcı və ya terrorçu özünü baş nazir kimi təqdim edib istənilən vaxt bu tribunadan sərsəm bəyanatlar verə bilər:

“Məsələ ondadır ki, BMT Baş Assambleyası tamamilə fərqli gündəliklə toplansa da Paşinyan ucuz siyasi şoumen kimi etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Ancaq unudur ki, Ermənistanın işğalçı ordusunun işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var.

Onun dedikləri isə həm BMT nizamnaməsinin 2(4) maddəsinə, həm də BMT TŞ-nin qəbil etdiyi qətnamələrə ziddir. Əgər bu gün Paşinyanın belə hərəkətlərinə BMT və onun mandat verib Qarabağ probleminin həlli ilə bağlı mükəlləf etdiyi ATƏT-in Minsk qrupunun kəskin reaksiyası olmayacaqsa, bu hadisəyə hüquqi qiymət verilməyəcəksə, onda dünya ölkələri beynəlxalq hüquqa, BMT-yə, ATƏT-ə necə inanacaqlar?! Heç olmasa nə qədər gec deyil BMT özünün o qədər də müsbət olmayan imicini bundan sonra qorusun”.

Hikmət Babaoğlu qeyd edib ki, Nikol Paşinyan liderlik etdiyi küçə hərəkatını xalq demokratiyası kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır:

“Beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin səbəbi isə dünya siyasətindəki ikili standartlar və islamafob mərkəzlərin Ermənistana dəstəyi ilə bağlıdır. Ancaq kimin necə yanaşmasından və Qarabağ probleminin həllinə kimin necə baxmasından asılı olmayaraq Azərbaycan bu problemi özünün ərazi bütövlüyü çərçivəsində mütləq həll edəcək”.

Deputat əlavə edib ki, Azərbaycan o günü yaxınlaşdırmaq üçün bütün mümkün vasitələri və resursları səfərbər edir:

“Təkcə son günlərdə ölkəmizdə həyata keçirilən xüsusi əhəmiyyətli hadisələrə nəzər salsaq, ordumuzun uğurlu hərbi təlimlərinə, möhtəşəm hərbi parada, kosmos ölkəsi olaraq əldə etdiyimiz ən son uğurlara diqqət etsək görəcəyik ki, işğalçı ölkənin baş nazirini isterik bəyanatlar səsləndirməyə sövq edən səbəblərdən biri də elə Azərbaycanın bu uğurlarıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər