Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi üçün addımlar atmağı qarşısına məqsəd qoyub.
Bunu Teleqraf.com-a hərbi-ekspert Ramil Məmmədli deyib.
Ekspertin sözlərinə görə, son günlərdə Ermənistan Silahlı Qüvvələrinin hərbi aviasiya vasitələrinin Azərbaycanın işğal edilmiş ərazilərində uçuşlar həyata keçirməsi təsadüfi deyil:
“Baş nazir Nikol Paşinyanın son dönəmlərdə Azərbaycan əleyhinə verdiyi sərt bəyanatlar, erməni silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərində fəallaşması onu deməyə əsas verir ki, İrəvan danışıqlar prosesindən yayınmaqla vaxtın uzadılmasına çalışır. Ermənistan tərəfi bununla eyni zamanda, Azərbaycanı təxribata çəkməyi qarşısına məqsəd qoyub. Ermənistanın döyüş-aviasiya vasitələrinin qoşunların təmas xəttində və digər işğal ərazilərində aktivləşməsi bundan irəli gəlir.
Ermənistan özünü elə aparır ki, guya Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarmaq üçün döyüşlərə, yaxud hərbi əməliyyatlara başlamaq şansı yoxdur. Vəziyyət isə Paşinyanın fikirləşdiyi kimi deyil. Əslində Ermənistan hakimiyyəti bu addımları atmaqla, müharibəni bir qədər də yaxınlaşdırır, situasiyanı bir qədər də gərginləşdirir”.
Ramil Məmmədli hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar bu məsələdə Ermənistan qədər məsuliyyət daşıyırlar.