Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov bildirib.
Baş prokuror qeyd edib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib".
"Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib".
Zakir Qaralov deyib ki, bu hadisədə əli olanlardan heç kim məsuliyyətdən kənarda qalmayacaq: "Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq".
Baş Prokurorun sözlərinə görə, Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir: "Hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir. Bu gün də müstəntiqlərimiz hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq təzə başlayıb. İstintaqın nəticəsi haqqında məlumat verəcəyik. "Azərenerji"nin yeni rəhbərliyi ilə birlikdə əsas məqsədimiz ondan ibarətdir ki, "Azərbaycan" İstilik Elektrik Stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin".
Zakir Qaralov qeyd edib ki, ötən ilin 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad edilib, 5 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
O bildirib ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqaməti olduğundan bu sahədə görülən işlərin səmərəliliyinin və effektivliyinin artırılması məsələlərinə xüsusi önəm verilir.
Zakir Qaralovun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından bu günə qədər olan dövrdə Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8604 müraciəti daxil olub ki, onlardan da 4102-si ərizə və şikayət, 4502-si isə "161-Qaynar xətt” əlaqə mərkəzi üzrə qəbul edilmiş müraciətlər olub.
Baş prokuror vurğulayıb ki, "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən prokurorluğun səlahiyyətinə aid olan 306 müraciət üzrə Baş idarədə və prokurorluğun digər struktur qurumlarında araşdırma aparılıb, onlardan 15-i üzrə cinayət işi başlanılaraq istintaq edilib: “Həmin dövr ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət xarakterli material kimi baxılmış 279 müraciət və digər məlumatlardan 193-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Baş idarənin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində onun işinin göstəriciləri daha da yaxşılaşmaqla qeyd olunan dövr ərzində qurumda ibtidai araşdırılması aparılan 566 cinayət işindən 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün ittiham aktı ilə aidiyyəti məhkəmələrə göndərilib. Cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəblər və şərait aşkarlanaraq qabaqlayıcı və profilaktik tədbirlərin görülməsi təmin edilib”.
Zakir Qaralovun sözlərinə görə, Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib: "Onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir: "Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır. Baş Prokurorluq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparır. Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir".