Bu gün Bakı şəhərində “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” (The International Space Weather Initiative (ISWI) School on Space Weather (SW) and Global Navigation Satellite Systems (GNSS)) üzrə Beynəlxalq Məktəb öz işinə başlayıb.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə 13 oktyabradək davam edəcək məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir.
Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib.
Azərbaycandan olan dinləyicilər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Aviasiya Akademiyası (MAA), Azərkosmos ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini təmsil edirlər.
Tədbirin əsas təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, həm-təşkilatçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsi (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitə (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” ASC və Milli Aviasiya Akademiyasıdır. “Azərsun Holdinq” və Tusi-Bohm Planetarium tədbirin yerli sponsorlarındandır.