Avqustun 5-də İndoneziyada baş vermiş 6,9 gücündə zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, avqust ayında İndoneziyada baş vermiş təbii fəlakət nəticəsində ölkənin xüsusilə Lombok adası zərər çəkib, ümumilikdə isə 70 minədək ev, 600-dən çox məktəb, 3 xəstəxana, 65 məscid, 5-dən artıq körpü dağılıb.
Təbii fəlakət yerində fəaliyyət göstərən beynəlxalq humanitar yardım təşkilatları və beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən zəlzələ zamanı 400 nəfərədək şəxs həlak olub, 390 minədək əhali evsiz qalıb.