Bu gün Bakıda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşünaslar Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda Rusiya, Ukrayna, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Belarus, Yunanıstan, Qazaxıstan və digər dövlətlərin tanınmış hüquqşünasları, habelə Azərbaycanın dövlət qurumlarının nümayəndələri, ölkənin tanınmış hüquqşünasları iştirak edib.
Tədbirin təşkilatçısı, Xəzər dənizi Regionu Ölkələrinin Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimov qeyd edib ki, konfransın gündəliyinə təqdim edilən mövzu dünya üçün olduqca aktual mövzudur. Professor deyib ki, konfransda müzakirələr aparılacaq və terrorizm və müasir şəraitdə ona qarşı effektiv mübarizənin yolları müzakirə ediləcək. O, deyib ki, terrorizm cinayəti ilə bağlı hamı tərəfindən vahid anlayışın ortaya qoyulması vacibdir.
AMEA-nın İnsan Haqları İnstitutunun direktoru, deputat Aytən Mustafayeva bildirib ki, 20-21-ci əsrlərdə terrorizm çox ciddi savaşa çevrilib və onunla mübarizə aparmaq son dərəcə çətindir. Çünki terrorizm heç bir qayda tanımır və onun resepti yoxdur:
“Bildirmək istəyirəm ki, artıq 30 ilə yaxındır Azərbaycan erməni terrorizmi ilə mübarizə aparmaq məcburiyyətindədir. Dünya terrorunun bir qolu olan erməni terroru zaman-zaman Avropanın, ABŞ-ın, Rusiyanın, İtaliyanın təhlükəsizliyi üçün problemlər yaradıb və yaratmaqdadır. Mən erməni terrorizmin vüsət aldığı illərdə ictimai nəqliyyatda, xüsusən metrolarda baş verən terror aktlarını xüsusilə yada salaq istəyirəm. Erməni terrorçularının hazırladıqları təxribatlarda dünyanın müxtəlif ölkələrində yüzlərlə dinc insan terrorun qurbanı olub. Azərbaycanın üzləşdiyi erməni terroru isə artıq savaş formasına keçib, açıq terror xarakteri alıb. Son illərdə Azərbaycan qanunvericiliyi terrorizmlə mübarizəyə birbaşa və dolayısı ilə aid olan qanunvericilik aktları, hüquq normaları ilə təkmilləşib. Azərbaycanın Rabiyə və Yüksək Texnologiyalar Nazirliyində internet resurslarında beynəlxalq terrorizmlə, xüsusən kiber hücumlarla mübarizə agentliyi yaradılıb. Mən günümüzdə çox geniş şəbəkəyə çevrilən kiber hücumlar üzərində xüsusi dayanmaq istəyirəm. Beynəlxalq praktika da göstərir ki, bu beynəlxalq şəbəkə internet ünvanlar vasitəsilə insanları da prosesə cəlb edir. Vətəndaşlar aldıqları SMS-lər vasitəsilə bilməyərəkdən öz bank hesablarını, digər şəxsi bilgilərini terror şəbəkəsi üçün açırlar. Bu yolla kiber hücumçuların əlində nəhəng kapital formalaşır və beynəlxalq bank sistemində həmin pulların hərəkətinə nəzarət faktiki mümkünsüz olur. Bu isə o deməkdir ki, dünyanın heç bir ölkəsi bu şəbəkənin hücumundan sığortalanmayıb. Düşünürəm ki, dünya hüquq elminin aparıcı mütəxəssisləri, eyni zamanda insan haqları üzrə ixtisaslaşmış alimlər ortaq müzakirələrlə terrorizm, xüsusən onun yeni formaları ilə mübarizənin yeni yollarını tapmalıdırlar”.
Mövzu ətrafında məruzə edən Rusiyanın tanınmış hüquqşünası, professor Yuri Qolik əsas vurğunu terrorizmin məqsədləri üzərinə istiqamətləndirib:
“Əslində terrorizmin şifrəsi illər öncə çözülüb - terror qurumları əsasən, dinc kütlələri hədəf seçərək hökumətləri özlərindən asılı vəziyyətə salmağa çalışırlar. İstənilən terrorçu terroru düşünülmüş, məqsədli şəkildə törədir. Terrorun bütün fəlsəfəsi də bundadır. Son illər avtomobillərin insan kütlələrinin üzərinə sürülməsi terrorçuların yeni metaodlarından sayıla bilər. Xüsusi qəddarlığı ilə seçilən bu cür aksiyalarda həlak olanların sayı ildən ilə artır. Bu cür insanlıqdan kənar hərəkəti törədənlər düşünür ki, onlarla insanı öldürəcəklər və dünya onlar haqqında danışacaq. Avropa və ABŞ hüquq-mühafizə orqanlarının təhlili göstərir ki, bu cür aksiya törədənlər daha çox özlərini cəmiyyətdə ögey insan kimi qəbul edirlər. Yəni özlərini cəmiyyətdən təcrid olunmuş sayırlar”.
Mütəxəssis əlavə edib ki, terrorçuların sabah harada peyda olacağını müəyyən etmək çətindir və terrorla beynəlxalq mübarizə qurumları bu şəbəkəni ifşa etmək, onların əməllərinin qarşısını almaq üçün durmadan yeni metordlar tətbiq etməlidir:
“Çünki terror sürətlə yeni formalarda təzühür edir. Avropa Birtliyi dövlətlərindəki durumun analizi göstərir ki, ərəb dünyasındakı təlatümlərdən sonra bu Yaxın Şərqdə olan köçkünlərin sürətlə Avropaya yerləşməsi ərəb terroru kimi təsbit edilən yeni tendensiyanı yaradıb. Daha çox qisasçılıq məqsədi daşıyan ərəb terrorunun qurbanları da durmandan artmaqdadır və Avropanın təhlükəsizliyi faktiki təhdid altındadır. Dünyada terrorla ən ciddi mübarizə aparan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikasıdır. KXDR iddia edir ki, ölkənin sərhədlərini pozanlar arasında casuslar çoxdur və məhkəmə qərarları ilə onlar ən ağır cəzaya - ölüm hökmünə məhkum edilir. Biz Koreyada səfərdə olanda dedilər ki, belə şəxsləri dərhal güllələyirlər. Ancaq güllələnən şəxslərin konkret siyahısı haqqında sualımıza cavab tapılmadı”.
Məruzəçi əlavə edib ki, 2007-ci ildə Rusiyada 759 terror xarakterli cinayət baş verib. 2017-ci ildə isə bu xarakterli cinayətlərin sayı 1871 olub.
Professor qeyd edib ki, dünyada kasıb və varlılar arasında fərqin artması, maddi təminat səviyyəsi böyük əhəmiyyət kəsb edir: “Yoxsulluğun qarşısını almaq olar. Bu zaman dünyada həm cinayətlərin, həm də terrorizmin səviyyəsi bir neçə dəfə azalardı”.
Yunanıstan olan məşhur hüquqşünas İonnis Raçiatis terrorizmin ümumi anlayışı haqqında danışıb, bildirib ki, belə bir anlayışın qəbul edilməsi olduqca əhəmiyyətə malikdir.
Natiq bildirib ki, terrorun dəqiq tərifi müəyyən edilmədiyi üçün terrorizmlə mübarizəni aparmaq da çətindir:
“Terrorizmi müxtəlif cür qiymətləndirmək olar. Baxış bucağından asılı olaraq, hətta ABŞ-ın İraqa hərbi müdaxiləsinə də qurbanlar dinc əhali olduğu üçün terror kimi baxmaq mümkündür. Terrorun dəqiq tərifi yoxdur. Biz qanunlar hazırlayırıq. Əgər bir hərəkətin konkret nə olduğu müəyyən edilməyibsə, onunla mübarizə də çox çətinləşir. Düşünürəm ki, biz terror aktını motiv kimi deyil, konkret hərəkət kimi təsbit etsək, hüququn onunla bağlı qərar verməsi daha asan olar. Bu səbəbdən beynəlxalq qanunuvericilik terror aktını konkret kriminal fakt kimi qəbul etməlidir. Terrorizmin konkret tərifi olmadığı üçün məhkəmələrin də işi çətinləşir. Bu baxımdan Bakıda təşkil edilən konfrans son dərəcə əhəmiyyətə malikdir”.
Daha bir məşhur mütəxəssis Zaxari Zaxarçuk qeyd edib ki, geosiyasi şəraitdənasılı olaraq terrorun mərkəzləri də dəyişib. Onun sözlərinə görə, əvvəl terrorun mərkəzi Balkanlar olubsa, indi mərkəz Yaxın Şərqdir:
“Dünya təhlükəsizlik sistemi zəif olduğundan terrorun mərkəzləri də dəyişir. Terrorla bağlı konkret və dəqiq anlayış vermək çətindir. Terror xamilyon kimi dəyişir. ABŞ terrorizmin konkret anlayışının olmasına qarşı çıxır”.
Toplantıda maraqlı çıxışı ilə yadda qalan türkiyəli mütəxəssis Əhməd Yavuz regionda baş verən geosiyasi proseslərin terrorizmlə əlaqəsi haqqında danışıb.
Natiq deyib ki, xarici dəstəyi olmayan terrorizm uzun müddət ayaqda qala bilməz: “1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsi terrorizmi çiçəkləndirdi. “Əl-Qaidə” təşkilatı da o zaman ABŞ-ın dəstəyi ilə ortaya çıxdı. SSRİ-nin süqutu Balkanlarda problemlər ortaya çıxardı. Türkiyə 1984-cü ildən PKK terroru ilə üz-üzədir. 1991-ci ildə ABŞ-İraq savaşı yaşandı. Daha sonra 2003-cü ildə ABŞ İraqa müdaxilə etdi. Bu geopolitik dəyişikliyə səbəb oldu. Nəticədə PKK terrorizmi daha qabarıq formada üzə çıxmağa başladı. İraqda kürd dövləti yaratmağa cəhd olundu. Daha sonra ABŞ İŞİD-i məhv etmək adı ilə Suriyaya daxil oldu. PKK-nın İraq və Suriyada əlavələri ortaya çıxdı. Bu gün qonaq olduğumuz Azərbaycanın da terrorizmdən əziyyət çəkdiyi ortadadır”.