Bu gün Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirib.
Teleqraf.com xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anılmış, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə gül dəstələri qoyublar.
Toplantı iştirakçıları DYMX-nin Bakı şəhər Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsinin həyətində təşkil olunmuş yanğından mühafizə qüvvələrinə məxsus xüsusi texnika və avadanlıqlardan ibarət sərgi ilə tanış olublar.
Daha sonra Dövlət himninin səsləndirilməsi ilə tədbir öz işinə başlayıb.
Toplantını giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik edərək uğurlar arzulamışdır. İttifaqın sədri Azərbaycanda yanğınsöndürmə dəstələrinin yaradılması tarixinə qısa ekskurs edərək bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətində 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandası təsis edilmişdir. Ümummilli lider Heydər Əliyev 5 oktyabr 2002-ci ildə məhz bu tarixin Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd ediməsi barədə Sərəncam imzalamışdır. Yanğından mühafizə sahəsinin daim Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunduğunu deyən M.İsmayılov Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov respublika ərazisində baş vermiş yanğınların söndürülməsinin və bununla bağlı təxirəsalınmaz xilasetmə tədbirlərinin həyata keçirilməsi məqsədilə görülmüş işlərdən ətraflı bəhs edərək, qarşıda duran vəzifələrdən söz açmışdır. O, yanğından mühafizə xidmətinin ən müasir yanğınsöndürmə texnika və vasitələri ilə təmin olunduğunu bildirərək göstərilən qayğıya və diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Yanğınsöndürmənin çətin və şərəfli bir peşə olduğunu söyləyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov yanğınsöndürənləri peşə bayramları münasibətilə təbrik etmişdir. O, xidmətdə fərqlənən yanğınsöndürənlərin təmsil etdiyi qurumun döş nişanı ilə təltif olunduqlarını bildirib.
Yanğınsöndürən veteranlar adından çıxış edən Azad Səmədov yanğın nəzarətinin həyata keçirilməsi və yanğından mühafizə sahəsində ciddi uğurlar qazanıldığını vurğulayaraq bu işdə əməyi olan insanlara minnətdarlığını bildirmiş, yanğınsöndürənlərə uğurlar arzulayıb.
Toplantıda yekun nitqi ilə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ümummilli lider Heydər Əliyevin “Yanğın söndürmək cəsarət və mərdlik məktəbidir” fikrini xatırladaraq bildirmişdir ki, yanğınsöndürənlərimizin fədakarlığı nəticəsində ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, şəxsi, dövlət və ictimai əmlakın yanğından mühafizəsi istiqamətində ciddi irəliləyişlər əldə olunmuşdur. 2006-cı ildən etibarən respublikamızda 114 minə yaxın yanğın hadisəsinin qarşısının alındığını deyən nazir müavini yanğınsöndürənlərimizin dövlət başçısının göstərişinə əsasən, başqa ölkələrdə də yanğın-xilasetmə əməliyyatlarında müvəffəqiyyətlə iştirak etdiklərini bildirmişdir. E.Mirzəyev qeyd etmişdir ki, yüzlərlə yanğınsöndürənimiz vətənimizin azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhidlər vermişlər. Onlardan 2-si Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır. Natiq bildirmişdir ki, dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində sözügedən sahədə müasir standartlara uyğun maddi-texniki baza formalaşmış və bu siyasətin nəticəsində həm Dövlət Yanğından Mühafizə Xidməti, həm də Dövlət Yanğın Nəzarəti Xidməti qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Nazir müavini yanğınsöndürənləri peşə bayramı münasibətilə təbrik etmiş, uğurlar arzulayıb.
Sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmrinə əsasən xidmətdə xüsusilə fərqlənmiş əməkdaşlara medallar təqdim olunmuşdur. Həmçinin xidmətdə fərqlənmiş və yubiley yaşı tamam olmuş bir qrup DYMX və DYNX əməkdaşına, eyni zamanda veteran yanğınsöndürənlərə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərmanları, qiymətli hədiyyələri, FHN-in iki nəfər əməkdaşına isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının döş nişanları təqdim olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.