"Azərbaycan və Ermənistan liderlərinin Düşənbədə görüşməsi çox müsbət siqnaldır".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.
Onun sözlərinə görə, bu görüşdən sonra təmas xəttində gərginlik azalıb.
"Biz də daima tərəfləri buna çağırırıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əlindən gələni edir", - C.Kent bildirib.
Onun sözlərinə görə, iki həftədən sonra Minsk qrupunun həmsədrləri yenidən regiona səfər edəcəklər, səfər zamanı onlar növbəti dəfə tərəfləri gərginliyi azaltmağa çağıracaqlar.
Xatırladaq ki, bu il sentyabrın 28-də Düşənbədə keçirilmiş MDB sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında söhbət olub.
Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.