Milli Məclisin növbəti plenarı iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasa Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov sədrlik edir.
İclasda çıxış edən deputat Sevinc Hüseynova Azərbaycan-Rusiya münasibətlərindən danışıb: "Azərbaycan-Rusiya münasibət yüksək səviyyədədir və inkişaf edir. Prezident İlham Əliyevlə Vladimir Putin arasında olan münasibətlər buna bir mümunədir".
Millət vəkili bildirib ki, oktyabrın 7-də Ermənistan Baş nazirinin arvadı Anna Akopyan bir qrup qadınla Azərbaycanın işğal edilən Dağlıq Qarabağ regionuna səfər edib:
“Qadınlar sülh naminə" kampaniyası altında keçirilən tədbirdə təəssüflər olsun ki, Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova da iştirak edib. Dünya bilir ki, Dağlıq Qarabağda separatizm və müharibəni ermənilər başladıb. Jurova bilmir ki, Xocalı qətliamı zamanı 105 qadın və 63 uşaq qətlə yetirilib. Ümumiyyətlə, Dağlıq Qarabağda ermənilərin başlatdığı müharibə zamanı rus millətinin nümayəndələri də qətlə yetirilib. Onların arasında Azərbaycanın dörd milli qəhrəmanı da var”.
Deputat əlavə edib ki, Svetlana Jurovanın bu kampaniyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsində vasitəçilik missiyası haqqında mənfi fikirlər yarada bilər. Mən Azərbaycan-Rusiya dostluq qrupunun üzvü kimi rusiyalı həmkarlarıma müraciət edərək, onları bu kimi səfərlərdən çəkinməyə çağırıram”